IQNA

Kaliforniyada Fələstini dəstəkləyənlərə qarşı ayrı-seçkiliklə bağlı araşdırma tələbi

10:20 - December 07, 2024
Xəbər sayı: 3497194
İQNA - Əl-Əzhər Müşahidəsi Kaliforniya universitet rəsmilərinin Fələstin tərəfdarı olan müsəlman tələbələrə qarşı ayrı-seçkilik etməsi ilə bağlı araşdırma aparılmasını tələb edən bir bəyanat yayımlayıb.

"Əl-Qahirə" saytının verdiyi məlumata görə, Əl-Əzhər Müşahidəsinin bəyanatında bildirilib ki, Kaliforniya ştatının universitet və fakültələrində müsəlman tələbələrin yarısı Fələstinə verdikləri dəstəyə görə ayrı-seçkilik və təzyiqə məruz qalıblar.

Bəyanatda qeyd edilir ki, Kaliforniyada fəaliyyət göstərən 87 dövlət və özəl kollec və universitetdə təhsil alan 720 tələbənin anket cavabları təhlil olunub və məlum olub ki, təxminən hər iki müsəlman tələbədən biri 2023-24 akademik ilində düşərgədə həmkar tələbələrdən, müəllim heyətindən və ya universitet rəhbərliyindən təzyiq və ayrı-seçkiliklə üzləşib.

Bəyanatda vurğulanır ki, İsrail rejiminin mühasirədə saxladığı Qəzza zolağına hücumu universitetlərdə islamofobiya ilə yanaşı, Fələstin əleyhinə nifrəti və ərəblərə qarşı irqçiliyi də gücləndirib. Bu isə müsəlman tələbələrin hədəfə alınmasına və dəstəklənmədiklərini hiss etmələrinə səbəb olub.

CPHB direktoru Osman Xan bu barədə bildirib: “Son il islam inancına mənsub müxtəlif etnik mənşəli universitet tələbələri üçün olduqca travmatik və çətin keçib. Çünki onlar 75 ildən artıqdır basqı, qeyri-insani davranış və müharibədən əziyyət çəkən fələstinlilərin ağır vəziyyətini cəsarətlə müdafiə etməyə və bu acınacaqlı durumu dilə gətirməyə qərar verdilər. Bu tələbələr, sadəcə konstitusiya ilə qorunan müraciət, toplantı və söz azadlığı hüquqlarını istifadə etdikləri üçün fiziki təzyiqlərə məruz qalmamalı və ya akademik və gələcək karyera nəticələrindən qorxmamalıdırlar.”

Cənubi Kaliforniya Universitetinin tələbəsi Samir bildirib ki, xüsusilə İsrailin apardığı müharibədə dostlarını və ailə üzvlərini itirən bir çox müsəlman tələbə universitet mühitində özlərini tənha hiss edirlər.

“Bəzi tələbələr dərs zamanı Qəzzada yaxınlarını itirdiklərinə dair acı xəbərlər aldılar. Onlar yalnız ailələri üçün yas tutmaqla kifayətlənmirlər, həm də cəmiyyətin səssizliyi və empatiya çatışmazlığı ilə üzləşirlər. Onların yasını paylaşmaq və ya onların ağır vəziyyətini yüngülləşdirmək üçün hökumətdən anlamlı dəstək yoxdur.”

4251740

captcha