IQNA

Əl-Əzhər Beynəlxalq Quran Müsabiqəsində mükafatlandırma mərasimi

5:26 - April 23, 2025
Xəbər sayı: 3498067
İQNA – Həftə sonu Misirin Əl-Əzhər Universitetinin xarici tələbələr üçün təşkil etdiyi beynəlxalq Quran hifzi müsabiqəsinin qalibləri mükafatlandırılıb.

“Əl-Bələd” saytının verdiyi xəbərə görə, beynəlxalq müsabiqə Əbul-Əyneyn Xeyriyyə Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub və müxtəlif ölkələrdən Əl-Əzhər İslam Təhsil Müəssisəsində təhsil alan mindən çox oğlan və qız tələbə qatılıb.

Bağlanış mərasimində fondun inzibati şurasının rəhbəri Abbas Şuman, fondun vitse-prezidenti Süməyyə Əbu Əl-Ayneyn, Əl-Əzhər Şeyxinin xarici tələbələr üzrə müşaviri Nəhlə Saidi və Ümumdünya Əl-Əzhər Məzunları Təşkilatının bir çox rəsmiləri iştirak ediblər.

Abbas Şuman çıxışı zamanı Qurani-Kərimin nifaq və xaosun hökm sürdüyü bir dünyada hidayət və uğur yoluna çatmaq üçün gənclərin bəhrələnməli olduğu bir nur olduğunu dilə gətirib.

O, Qurani-Kərimi əzbər bilənlərə dəstək olmaq və onları vəhy kəlamlarını, oxumağa və anlamağa təşviq etmək üçün göstərdiyi səylərə görə Əbul-Əyneyn Fonduna təşəkkür edib.

Abbas Şuman bildirib ki, Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib, Əl-Əzhərdə təhsil alan xarici tələbələrə qarşı həssasdır.

O, həmçinin əlavə edib ki, Əl-Əzhər bir çox xeyriyyə təşkilatları ilə əməkdaşlıq edir və mütəmadi olaraq xeyriyyə fəaliyyətlərində və Quran proqramlarında iştirak edir.

Qeyd edək ki, Əl-Əzhərin xarici tələbələri üçün beynəlxalq Quran hifzi müsabiqəsi üç kateqoriya üzrə təşkil olunub: Quranın tam hifzi, Quranın yarısını əzbərləmək və gözəl səslər müsabiqəsi.

Müsabiqədə 35 nəfər qalib seçilərək mükafatlandırılıb.

4277644

captcha