IQNA

Səudiyyə Ərəbistanı zəvvarlar üçün smart şəxsiyyət vəsiqələrini məcburi edir

10:29 - April 29, 2025
Xəbər sayı: 3498094
İQNA – Səudiyyə Ərəbistanı Həcc mövsümündə bütün zəvvarların “Nusuq” smart şəxsiyyət vəsiqəsi daşımasının məcburi olacağını açıqlayıb.

“Gnews” saytının verdiyi məlumata görə, builki Həcc mövsümünün başlamasına bir neçə həftə qalmış “Nusuq” smart kartları paylanmağa başlayıb. İndiyədək 150 mindən çox belə kart paylanılıb.

Kartda zəvvar haqqında vacib məlumatlar, məsələn, Məkkə, Mədinə və digər müqəddəs şəhərlərdəki yerlər, həmçinin xidməti göstərən şirkətin əlaqə məlumatları var. Bununla da zəvvarların yönləndirilməsi asanlaşır və azmaq riski azalır.

Kartda zəvvarın sağlamlıq tarixçəsi ilə bağlı məlumatlar da var. Səlahiyyətlilər Həcc mövsümündə bütün zəvvarların vəsiqə daşımasının məcburi olduğunu bildiriblər. Kartın çapı Həcc ziyarəti ilə bağlı bütün icazə və vizalar tamamlanana qədər davam edəcək.

Bu kartlar ən yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun çap olunur və onların mühafizə xüsusiyyətləri qanunsuz çıxarılmasının qarşısını alır. Bu kart zəvvarın həcc ziyarətini qanuni şəkildə yerinə yetirdiyini göstərir.

Xaricdən gələn zəvvarlar Səudiyyə Ərəbistanına gəldikdən sonra kartlarını aldığı halda, ölkə daxilindən gələn zəvvarlar həcc mövsümü başlamazdan əvvəl kartlarını xidmət şirkətlərindən alırlar.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bütün xarici ümrə zəvvarlarının ölkəni tərk etmələri üçün 29 aprel tarixi təyin edib. Həmçinin bu il iyunun əvvəlində keçiriləcək Həcc ziyarətinə hazırlıq işlərini sürətləndirib.

Nazirlik bu tarixdən sonra qalmağın cinayət sayılacağını və onu pozanlara qarşı qanuni sanksiyaların tətbiq olunacağını açıqlayıb.

Xəbərdarlıq bəzi xarici zəvvarların Məkkə və onun ətrafında qeyri-qanuni həcc ziyarəti üçün Ümrə vizalarının müddətini uzatmağa cəhd etmələri ilə bağlı narahatlıqlar fonunda verilib.

Nazirlik Ümrə ziyarətini həyata keçirən fiziki şəxslərdən və şirkətlərdən zəvvarların müəyyən olunmuş vaxtlarda yola salınması ilə bağlı qaydalara riayət etmələrini xahiş edib.

Keçən il Səudiyyə Ərəbistanının Həcc və Ümrə Naziri “Nusuq” tətbiqinin yenilənmiş versiyasını təqdim etdi və 100 yeni xidmət əlavə etdi.

4278652

captcha