Səna Universitetinin Siyasi Sosiologiya professoru Əbdülməlik Məhəmməd İsa “İQNA” agentliyinə verdiyi müsahibədə deyib: “İranın İsrailin hücumlarına verdiyi cavab özünü müdafiə etməyi, zülm və zorakılığa qarşı çıxmağı əmr edən Qurani prinsiplərə uyğundur”.
O, “Bəqərə” surəsinin 190-cı ayəsini sitat gətirib:
“Sizə qarşı vuruşanlarla Allah yolunda siz də vuruşun. Amma həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz”.
Həmçinin “Şura” surəsinin 41-ci ayəsini qeyd edib:
“Zülmə məruz qaldığı üçün qarşılıq verənlərə gəldikdə, onlara qarşı heç bir qınama yoxdur”.
Məhəmməd İsa qeyd edib ki, İranın reaksiyası ölçülü və çəkindirici olub. Bu cavab zülmü qəbul etməyən, şərəf və ləyaqətindən vaz keçməyən, əksinə hücuma qarşı səbir, şüur və diqqətlə cavab verən İslam əsaslarına söykənir.
Yəmənli professor BMT Nizamnaməsinin 51-ci maddəsinə də toxunaraq bildirib ki, Təhlükəsizlik Şurası lazımi tədbirlər görənə qədər dövlətlərin silahlı hücum halında legitim özünü müdafiə hüququ vardır və İsrail İran İslam Respublikasının birbaşa suverenliyinə hücum etmişdir.
O əlavə edib ki, İranın cavabı yalnız dini və əxlaqi baxımdan deyil, beynəlxalq hüquq çərçivəsində də tamamilə qanunidir.
Səna Universitetinin müəllimi, müsəlmanların və azad dünya xalqlarının yalnız sözlə qınamaqla kifayətlənməməli, əvəzində geniş və praktik mövqe sərgiləməli olduğunu vurğulayaraq dörd əsas tədbiri sadalayıb:
İşğalçı rejimə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etmək.
Ümmətin şərəfini müdafiə edən müqavimət qüvvələrinə maddi və mənəvi dəstək vermək.
İşğalçı rejimin cinayətlərini ifşa etmək üçün media və hüquqi platformalar vasitəsilə beynəlxalq ictimaiyyəti hərəkətə keçirmək.
Sionist rejimlə hər cür normallaşma və cinayət ortaqlığını rədd etmək üçün xalqın, siyasi və dini maarifçilərin mövqelərini birləşdirmək.
O deyib:
“Zülm qarşısında susan, o zülmə şərik olar. Həqiqi insani mövqe qatilin yanında deyil, məzlumun yanında durmaqdır.”
Əlavə olaraq bildirib ki, İsrailin qırmızı xətti keçərək İranın nüvə obyektlərinə hücumu beynəlxalq sülh və təhlükəsizliyə qarşı bir təhdiddir.
İsa bu mərhələdə hərəkətsiz qalmağın artıq cinayətə şəriklik kimi qiymətləndirildiyini və bunun müstəqil ölkələrin beynəlxalq qurumlara olan inamını sarsıtdığını deyib.
O həmçinin vurğulayıb ki, Sionist rejimin hücumlarının İƏT və Ərəb Liqası tərəfindən qınanması kifayət etmir və bu çox vaxt real məsuliyyətdən yayınmağın bir formasına çevrilmişdir.
Əbdülməlik Məhəmməd İsa qeyd edib ki, İranın cavabı regionda çəkindiricilik balansında yeni bir səhifə açmışdır və “Ali-İmran” surəsinin 139-cu ayəsini misal çəkmişdir:
“Gevşəməyin, kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz.”
4290120