IQNA

İranlı xəttatların əl yazması Quranın Həzrət Abbas (ə) hərəminə hədiyyə edilməsi

0:51 - September 27, 2025
Xəbər sayı: 3498930
İQNA - Bir qrup iranlı xəttatlıq ustası, mütəxəssislərin əl işləri ilə yazılıb və zinətləndirilmiş möhtəşəm bir Qurani-Kərim nüsxəsini Həzrət Əbülfəzl Abbas (ə) hərəminə təqdim edib. Bu bədii əsər hərəmin xəzinəsində qorunacaq.

“İQNA”-nın “əl-Kəfil” saytına istinadən verdiyi xəbərə görə, iranlı xəttat ustalarından ibarət bir heyət, iranlı sənətkarların yazıb və zinətləndirdiyi dəyərli bir Qurani-Kərimi Həzrət Əbülfəzl Abbas (ə) hərəminə təqdim edib.

Mərasimdə hərəmin müdir müavini Seyid Abbas Musəvi Əhməd və Quran Elmləri Məclisinin rəhbəri Muştəq əl-Əli bu heyəti qarşılayıblar.

Hərəmin müdir müavini bu mədəni və bədii addıma görə minnətdarlığını bildirərək deyib: “Bu mübarək nüsxə tamamilə iranlı sənətkarların xətti və zinətləndirməsi ilə hazırlanıb. Təqribən bir ildən çox davam edən fasiləsiz zəhmətin nəticəsi olaraq kitabət, bəzəmə və cildləmə mərhələləri başa çatdırılıb.”

O əlavə edib: “Bu əl Quran yazması mövlamız Həzrət Əbülfəzl Abbas (ə) hərəminə hədiyyə edilib. O, kitabət və bəzəmədəki yüksək dəqiqlik və incəlik səbəbindən çox qiymətli bir əsər hesab olunur və hərəmin xəzinəsində mədəni və bədii irs kimi qorunacaq.”

Daha sonra əsərin müəllifi, ustad xəttat Seyid Əzizullah Azərang texniki detalları belə izah edib: “Bu mübarək Mushəfin kitabəti, bəzəmə və digər işlər üzrə altı nəfərlik mütəxəssis komandanın iştirakı ilə bir ildən çox çəkdi. Nüsxənin ölçüləri 60 x 45 sm-dir və onun cildi, sahifələnməsi və yekun bəzəmə mərhələləri İsfahan şəhərində həyata keçirilib”.

4306478

captcha