IQNA

İrlandiyanın Qalvey şəhərində müsəlmanlarla həmrəylik tədbirinin keçirilməsi

6:21 - November 19, 2025
Xəbər sayı: 3499239
İQNA - İrlandiyanın Qalvey şəhərindəki bir məscidə qarşı bomba qoymaq hədəsindən sonra gələn həftə həmin məsciddə müsəlmanlarla həmrəylik məqsədilə bir toplantı keçiriləcək.

“İQNA”-nın “Irish Examiner” qəzetinə istinadla verdiyi xəbərə görə, radikal bir qrupun Qalvey məscidinə hücum planı ilə bağlı məlumatların açıqlanmasının ardından gələn şənbə günü bu məsciddə həmrəylik toplantısı təşkil olunacaq.

Bu toplantı 7 noyabrda keçirilən məhkəmə iclasından sonra baş tutacaq. Həmin iclasda sağçı bir qrupun Məryəm Məscidinə bomba qoymaq planına dair detallardan bəhs edilib.

Məhkəmədə bildirilib ki, guya hücumdan sonra yayımlanması nəzərdə tutulan bəyanatın yer aldığı bir video da tapılıb.

Ötən həftə məscidin imamı İbrahim Nunan “Irish Examiner” qəzetinə bildirib ki, məscidinə bomba qoymaq niyyəti “sarsıdıcıdır”.

Şənbə günü “İrqçiliyə Nifrət” adlı qrupun üzvləri məscidi ziyarət edəcək və təhdidlərə və təkrarlanan irqçi hücumlara məruz qalan müsəlman qonşularına həmrəylik nümayiş etdirmək üçün onlara dostluq əllərini uzadacaqlar.

Ziyarət zamanı bu qrup Qalvey müsəlman cəmiyyətinə necə dəstək ola biləcəkləri barədə onların fikirlərini dinləyəcək.

“Sai Gojola” adlı “İrqçiliyə Nifrət” qrupunun həmtəsisçisi bildirib ki, qrup aprel ayında irqçiliklə bağlı baş verən hadisələrdən sonra yaradılıb. Gojola qeyd edib ki, bomba qoymaq planının açıqlanmasının ardından İbrahim Nunanla görüşərək Qalvey müsəlmanlarına dəstək göstərməyin ən yaxşı yolları barədə müzakirə aparıb.

O deyib: “Bir çox insan çox narahat və qorxmuş vəziyyətdədir.” O əlavə edib ki, bu ilk təhdid olmasa da, ən zərərli olanıdır.

Onun sözlərinə görə, məqsəd cəmiyyət üzvlərinə əminlik verməkdir ki, Qalvey onlara sahib çıxır. O vurğulayıb ki, məscid Qalveyin ictimai həyatının bir hissəsidir və deyib: “Bura müsəlmanların bir araya gəldiyi, dostları ilə görüşdüyü yerdir.” O, insanları bu toplantını dəstəkləməyə çağırıb və bildirıb: “Nə qədər çox insan iştirak edərsə, bir o qədər yaxşıdır. İştirak çox olsa, müsəlmanlar Qalveyə daha çox bağlılıq hiss edəcəklər.” Tədbirdə iştirak etmək istəyənlərə şənbə günü saat 14:00-da Məryəm Məscidində olmaları xahiş edilib.

Bundan əvvəl Qalvey məscidinin imamı İbrahim Nunan məscidə bomba qoymaq niyyətini “sarsıdıcı” adlandırmış və demişdi: “Bütün üzvlərimiz və ümumilikdə İrlandiya müsəlmanları indi böyük narahatlıq içindədir; onlar qorxu içində yaşayırlar. Biz bilmirik gələcəkdə nə baş verəcək. Hər namazda ehtiyatlı olmalıyıq. Giriş qapılarında təhlükəsizlik tətbiq etməliyik, insanlara deyirik ki, buraya piyada gəlməyin, avtomobillə gəlin. Amma mən məscidi bir qalaya çevirmək istəmirəm.”

Digər tərəfdən, İrlandiya Müsəlmanlarının Sülh və İnteqrasiya Şurasının rəhbəri Ömər əl-Qadri bildirib ki, zorakı bir sağ radikal qrupun ortaya çıxması tamamilə yeni bir hadisədir və o, polis əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib.

4317626

captcha