“Şuruq” qəzetinin xəbərinə görə, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkənin Mücahidlər (keçmiş döyüşçülər) naziri Əbdülmalik Taşrifət tərəfindən oxunan, “Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü” münasibətilə göndərdiyi müraciətində bildirib: “Sionist işğalçılar Fələstin xalqına qarşı davamlı təcavüzləri ilə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn ən əsas prinsiplərini belə görməzdən gəlirlər.”
O, müraciətində əlavə edib: “İşğalçılar Qəzzada həyatı mümkünsüz etməyə çalışırlar və eyni zamanda İordan çayının Qərb sahilində və Qüdsdə Fələstin torpaqlarının qəsbinə davam edirlər.”
Əlcəzair Prezidenti vurğulayıb ki, bu təcavüzlər Fələstin dövlətinin məhv edilməsinə gətirib çıxara bilməz və deyib: “İşğalçılar bu məqsədə nail olmaq üçün beynəlxalq hüququn ən əsas prinsiplərini tapdalayaraq Qəzzanın infrastrukturunu sistemli şəkildə dağıdır, səhiyyə sistemini hədəf alır, əhalini mühasirəyə alıb aclığa məhkum edirlər.”
Tebbun bildirib ki, ölkəsi beynəlxalq ictimaiyyəti işğalçı rejimi beynəlxalq qanunlara əməl etməyə məcbur etmək, Qəzza mühasirəsini dərhal və tam şəkildə dayandırmaq və bütün keçid məntəqələrini humanitar yardımın çatdırılması üçün açmaq istiqamətində lazımi tədbirləri görməyə çağırır.
O, bir daha ölkəsinin Fələstin dövlətinə BMT-də tam üzvlük verilməsi ilə bağlı qəti mövqeyini vurğulayıb və bunu fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun və müstəqil Fələstin dövlətinin qurulmasının möhkəmləndirilməsi yolunda “əsas addım” adlandırıb.
Sonda Əlcəzair Prezidenti qeyd edib: “Əlcəzair öz əhdinə sadiq qalacaq və işğal altındakı Fələstindəki qardaşlarının hər zaman yanında olacaq. Fələstin xalqı öz tam suverenliyini geri alana və Qüdsü paytaxt olan azad və müstəqil dövlətlərini qurana qədər onların qanuni hüquqlarının müdafiəsində heç bir səyi əsirgəməyəcək.”
4319433