IQNA

Təhlükəsizlik Şurası ABŞ-ın cinayətini qınamaq əvəzinə, İran əleyhinə qətnamə qəbul etdi

4:55 - March 14, 2026
Xəbər sayı: 3499923
İQNA – Bəhreynin İran əleyhinə təqdim etdiyi qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasının çərşənbə günü (yerli vaxtla 20 isfənd 1404 – 11 mart 2025) keçirilən iclasında, ABŞ və İsrailin İrana hücumunun on ikinci günündə qəbul edilib.

“İQNA”-nın “Middle East”-ə istinadla verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasında qəbul olunan bu qətnamə layihəsi Bəhreyn tərəfindən, Fars Körfəzi Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələr – Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri – adından təqdim olunub.

Bəhreynin təklif etdiyi qətnamə 13 lehinə səslə, Rusiya və Çinin 2 bitərəf səsi ilə və heç bir əleyhinə səs olmadan qəbul edilib.

Rusiya və Çin bu qətnaməni veto etməyiblər.

Bu İran əleyhinə qətnamədə ABŞ və İsrailin təcavüzünü qınamaq əvəzinə, qurban və təcavüzkarın mövqeyi dəyişdirilərək, yalnız İran İslam Respublikasının öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün verdiyi cavab pislənib.

Qətnamə 2817-də həmçinin Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə dəstək vurğulanır.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çərşənbə axşamı (yerli vaxtla) jurnalistlərlə söhbətində BMT Təhlükəsizlik Şurasını tənqid edərək bildirib: “Təəssüf doğuran haldır ki, Təhlükəsizlik Şurası hələ də sükutu qoruyur.”

O deyib ki, BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyi qorumaq kimi əsas məsuliyyətinə baxmayaraq, Şura bu açıq-aşkar pozuntulara göz yumur.

İrəvani əlavə edib: “Əksinə, Şuranın bəzi üzvləri qurban və təcavüzkarın yerini dəyişdirməyə çalışırlar. Onlar qərəzli və siyasi motivli bir qətnamə vasitəsilə təcavüzkarları mükafatlandırmaq, qurbanı isə cəzalandırmaq istəyirlər. Belə bir qətnamə qəbul olunarsa, Təhlükəsizlik Şurasının nüfuzunu və legitimliyini ciddi şəkildə zədələyəcək və onun adına ləkə vuracaq.”

İranın BMT-dəki nümayəndəsi xəbərdarlıq edib: “Bu qətnamə qəbul olunarsa, təcavüzkarlar – yəni İsrail və ABŞ – mükafatlandırılacaq və daha çox təcavüzkar addımlar atmağa cəsarətlənəcəklər. Bu gün İranın başına gələnlər sabah istənilən digər müstəqil dövlətin başına gələ bilər.”

İranın BMT-dəki səfiri bildirib: “Beynəlxalq ictimaiyyət indi İran xalqına qarşı bu qanlı müharibəni dayandırmaq üçün hərəkətə keçməlidir. Biz xalqımızı, torpağımızı və müstəqilliyimizi müdafiə etmək üçün lazım olan bütün tədbirləri görəcəyik.”

4340120 

captcha