Özünün olduqca mühüm çıxışı zamanı Ali Məqamlı Rəhbər hal-hazırda imperialist blokunun İslam hərəkatı və bu hərəkatın simvolu olan İran İslam Respublikası qarşısında kritik bir mərhələ yaşadığını, dağınıq və həyəcanlı bir vəziyyətdə olduğunu qeyd edərək vurğuladı: “Bu gün ölkəmiz, əsasən, bir yumruqda birləşməyə ehtiyac duyur. Hətta saf niyyətlə deyilən bir söz, atılan addım, yaxud mətbuatda gedən bir yazı cəmiyyətdə ikitirəlik və parçalanmaya səbəb olursa, demək, ölkənin və İslam dövlətinin mənafeyinə ziddir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Ali Məqamlı Rəhbərlik hazırkı kritik situasiyada cəmiyyətdə birlik və həmrəyliyin qorunub saxlanmasını, hər cür ixtilaf və hərc-mərclikdən çəkinməyi vacib hesab edir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabı xalqın arasındakı bütün qondarma sədləri məharətlə aradan qaldıra bildi və ölkəni İran xalqı üçün geniş bir meydana çevirdi. Hazırda isə bəziləri bu xalqın nümayəndələri arasında yenidən yanlış və heç bir əsası olmayan sərhədlər yaratmaq niyyətindədirlər”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Ölkəmizin və xalqımızın başlıca prinsipləri, ideologiyası və hərəkət strategiyası müəyyən olunub və gün kimi aydındır. Bu prinsiplərə və hərəkət strategiyasına müvafiq olaraq hərəkət edən hər kəs İslam dövlətinin və bu nəhəng toplumun bir parçasıdır”.
İslam İnqilabının Rəhbəri insanlara zülm etməmək məsələsini dəfələrlə vurğuladığını xatırladaraq əlavə etdi: “Qəlbin və əməlin saflığına riayət etmək başlıca vəzifələrdən biridir. Ləyaqətli bir insana, yaxud insanlara yersiz sözlər, məqalələr və s. ilə zülm olunmamalıdır”.
Həzrət Ayətullah Xamenei İslam peyğəmbərinin (s) insanlara, hətta hər hansı günaha, yaxud xətaya yol vermiş şəxslərə qarşı davranış tərzini xatırladaraq qeyd etdi: “Ədalətli və vicdanlı olmaq, yalnız həqiqəti və lazım olanı danışmaq lazımdır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Elə güman edilməməlidir ki, bəzi insanlar mücahid, mübariz və inqilabçı olduqlarına görə, bu cəhətdən daha aşağı səviyyədə olduqlarını düşündükləri digər insanlar haqqında istədiklərini deyə bilərlər”.
İnsanların iman səviyyəsinin və tutduqları yolun, təbii ki, biri-birindən fərqli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İman səviyyəsindəki fərqə baxmayaraq, cəmiyyətin birgə həyatında ədalətə, vicdana, birlik və həmrəyliyə riayət olunmalıdır”.
Başlıca hədəf və meyarların yaddan çıxarılmamasını mühüm bir məsələ adlandıran Həzrət Ayətullah Xamenei vurğuladı: “İmperializmə qarşı mübarizə aparmaq, dünyada cərəyan edən küfr və nifaq hərəkatı qarşısında müqavimət göstərmək, İslam İnqilabının və dinin düşmənləri ilə aramızdakı ayırıcı sərhədləri şəffaf surətdə müəyyənləşdirmək başlıca meyarlardır”.
Həzrət Ayətullah Xamenei düşmənlərə qarşı mövqeyini açıq-aşkar bildirmək barədə aşağıdakıları qeyd etdi: “İnqilabın və dinin düşmənlərinə qarşı mövqeyini şəffaf şəkildə ifadə etməyən insan öz nüfuzunu aşağı salır. Belə bir şəxs düşmənlərə tərəf meyllənərsə, İslam hökumətinin dairəsindən kənarlaşdırılacaq”.
Ali Məqamlı Rəhbər qeyd etdi: “Bütün bunlar İslam İnqilabının başlıca meyarları, prinsipləri və irəliyə doğru hərəkət strategiyalarıdır. Onlar qorunmalı və inqilabın irəliyə doğru hərəkəti davam etdirilməlidir”.
Dünyada mövcud olan həssas situasiyanı açıqlayan Ali Məqamlı Rəhbər hazırkı beynəlxalq şəraitə, imperialist dövlətlərin İran İslam Respublikası əleyhinə apardığı işlərə toxunaraq əlavə etdi: “Beynəlxalq arenada vəziyyətin bu cür kritik həddə gəlib çatmasının səbəbi budur ki, dünyanın imperialist mərkəzləri İslam hərəkatına və bu hərəkatın gerçək simvolu olan İran İslam Respublikasına qarşı mübarizədə idarəetməni itiriblər, tamamilə çaşqın və başıpozuq bir halda əllərindən gələn son səyləri edirlər”.
İmperialist blokunun çıxmaza dirəndiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “İmperialist blokunun beynəlxalq problemlər, xüsusilə də, son dərəcə həssas bir region olan Orta Şərq regionunun problemləri ətrafında cızdığı qapalı dairə artıq qırılıb və onların uzun zamandır istifadə etdiyi təbliğat metodlarının əksəriyyətinin mahiyyəti dünya ictimaiyyətinə məlum olub”.
Ali Məqamlı Rəhbər dünyada Amerika və İsrailə qarşı qəzəb və nifrətin artdığını qeyd edərək vurğuladı: “Bu gün hətta Amerika ictimaiyyəti arasında da yəhudi lobbisinin qüdrət və nüfuzuna qarşı dərin bir qəzəb hissi yayılmaqdadır. ABŞ hökumətinin ölkə əhalisinə qarşı tətbiq etdiyi son dərəcə sərt şərtlərə baxmyaraq, bu qəzəbin nişanələri artıq özünü büruzə verməkdədir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran İslam Respublikasının yaranması və varlığı müstəmləkə maşınını bugünkü problemləri ilə üz-üzə qoymuş başlıca faktordur. O, əlavə etdi: “Onların İslam dövlətinə qarşı yürütdüyü düşmənçiliyin səbəbi də elə budur. Lakin İİR əleyhinə qətnamə çıxarılması üçün atılan tələsik addımlar, sanksiyaların qeyri-real şəkildə şişirdilməsi, bundan əlavə, İrana hərbi hücumla bağlı yarımçıq qalmış təhdidlər imperialist blokunun İslam dünyasında müşahidə olunan əzəmətli və mətin hərəkata qarşı mübarizədə çaşqın vəziyyətə düşdüyünü göstərir”.
Həzrət Ayətullah Xamenei çətinliklərə sinə gərməyin daha yüksək hədəflərə çatmaq üçün zəmin yaratdığını qeyd edərək dedi: “Bu gün ölkəmizin ali təhsil ocaqlarında gərgin elmi-tədqiqat fəaliyyətinə, mənəvi-əxlaqi və dini iş aparılmasına, elm sahəsində görülən bütün işlərə cihad əhval-ruhiyyəsinin hakim olmasına, akademik sferanın nümayəndələrində daim və vaxtında əlindən gələn işi görmək psixologiyasının formalaşdırılmasına, uzaqgörənliyin və hadisələrə düzgün qiymət vermək bacarığının daha da gücləndirilməsinə ehtiyac var”.
Ali Məqamlı Rəhbər 12 il öncə ali məktəb müəllimlərindən ibarət Bəsic dəstələrinin yaradılması, bunun ölkə miqyaslı əzəmətli bir hərəkata çevrilməsi barədə danışdı. O, akademik sferanın təmsilçiləri olan bəsiciləri İslam dövləti üçün “ilahi nemət” adlandıraraq qeyd etdi: “Əlbəttə, ölkənin imanlı və inqilabçı universitet müəllimlərinin sayı yalnız burada iştirak edən insanlarla məhdudlaşmır. Ölkəmizin müxtəlif ali təhsil ocaqlarında çalışan və olduqca böyük, effektiv rola malik olan çoxlu sayda bəsici müəllimlərimiz var”.
İslam İnqilabının Rəhbəri ölkədə Bəsic dəstələrinin təşkil olunmasını “İslam İnqilabı çərçivəsində həyata keçirilmiş misilsiz bir hərəkat”, “dahi və müdrik İmam Xomeyninin (r.ə) yadigarı” adlandıraraq əalvə etdi: “Bəsic dəstələrinin formalaşması, əslində, elə inqilabın ilk günlərindən – İmamın xalqa etimad göstərərək insanları ictimai-siyasi meydanlara çəkdiyi vaxtdan başladı. Bu etimad xalqımızda özünəinam hissinin aşkara çıxmasına səbəb oldu”.
Həzrət Ayətullah Xamenei Bəsic mədəniyyətinin və Bəsic qüvvələrinin İslam dövləti üçün bir çox xeyir-bərəkətlərin mənbəyi olduğunu qeyd edərək dedi: “Bəsic dəstələri, əslində, ölkədə parlaq çalarlarla gözə çarpmayan, iddiasız, lakin çoxşaxəli bir ordudur”.
Bəsicin fəaliyyət dairəsinin məhdud çərçivəli hərbi xidmətdən daha geniş olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəsic qüvvələrini hərbi təyinatlı bir qurum hesab etmək doğru deyil. Bəsic istənilən yerdə və istənilən anda özünü büruzə verən, bütün sferaları və təbəqələri əhatə edən ümumi bir sahədir”.
Ali Məqamlı Rəhbər çıxışının davamında müəllimlərin, xüsusilə də, mömin, inqilabçı insanların ali təhsil ocaqlarındakı roluna və mövqeyinə toxundu, İslam dövlətinin bu təhsil müəssisələrinə bəslədiyi ümidlər, universitetlərin və elmi mərkəzlərin aktual ehtiyacları barədə danışaraq əlavə etdi: “Bəsici müəllimin öhdəsinə düşən vəzifə çalışdığı ali təhsil ocağında vaxtında, saf niyyətlə, fədakarcasına və effektiv fəaliyyət göstərmək, şəhid Çəmran kimi imanlı və alim insanlar yetişdirməkdir”.
Həzrət Ayətullah Xamenei İslam dövlətinin ali təhsil ocaqlarına hansı ümidlərlə yanaşdığı barədə danışaraq bunları vurğuladı: “Ali təhsil ocaqlarından və elmi mərkəzlərdən dövlətin başlıca istəyi budur ki, ölkənin elmi tərəqqisi İran xalqına və bu xalqın tarixi keçmişinə layiq olan yüksək elmi statusa yetişənə qədər sürətli bir templə davam etdirilsin”.