İQNA Quran xəbər agentliyi Deyerler.org saytına istinadən məlumat verir ki, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirdi ki, ötən həftənin sonu nisbi azalma baş verdi – öncədə hüquq pozuntusu faktı fiksə edilmiş 6 məktəbdə problem həllini tapdı. Bu həftənin başlanması ilə daha 12 məktəbdə problem həllini tapdı və bunlarda oxuyan şagirdlər sərbəst surətdə təhsillərini davam etdirirlər.
DEVAMM sədri bildirdi ki, hazırda Bakı məktəblərinin təqribən 10%-də hələ də problem yaşanmaqdadır: "Amma böyük ümid bəsləyirik ki, qalan məktəblərdə də insan haqlarının pozulması faktları 0%-ə enəcək, hicablı şagirdlər öz etiqadlarına əsasən məktəbə gələ və təhsillərini davam etdirə biləcəklər".
İ. İbrahimoğlu deyib. "DEVAMM olaraq, nə mümkünsə, çalışırıq edək. Demək olar ki, bütün hüquq müdafiə fəallarımız səfərbər olunub və daimi fəaliyyət göstərir. Bu gün problemi hələ ki, həll olunmadığı məktəblərdə oxuyan şagirdlərin valideynləri ilə son görüşümüz səmərəli keçdi. Hər şey edilir ki, problem həll edilsin, bu qanqaraçılıq gətirən hallar aradan getsin. Yeri gəlmişkən, mətbuata və ümumən bu işdə xidməti olanlara böyük minnətdarlığımızı çatdırırıq".
"Bir məqamı da qeyd etmək istərdim. Hicab məsələsi üzrə 3-cü forumdakı çıxışımızda buna diqqət çəkdik, indi də bunu vurğulamaq istərdim: vaxtında müraciət edilsin və mövzu ətrafında mötədilliyə riayət olunsun. Çox vaxt vaxtında edilməyən müraciətlər, problemin rüşeym vəziyyətində həllini çətinləşdirir. Halbuki, problemin ibtidai durumda həlli daha tez və rahat baş verə bilərdi. Digər tərəfdən, mövzu ətrafında bəzən ajiotaj yaradılır və bu da problemliliyi artırır. Belə ki, mövzunun emosional tutumluluğu onsuz da böyükdür, onu bir az da tündləşdirəndə, məsələnin həlli üzərində işdən çox, onun emosional fonu qabarır".
DEVAMM sədri problemin tez bir zamanda birdəfəlik çözülməsinə ümidli olduğunu da ifadə edib: O deyib. "Uca Allahın xüsusi tofiqatı ilə, möminlərin duası ilə, ümid var ki, hər kəs əlindən gələni etsə, problem öz həllini tapar. Ümid edirik ki, yaxın zamanlarda problem tam həll olar. Söhbət konkret insan talelərindən gedir. Söhbət insanların ən ülvi, ən müqəddəs duyğularından gedir. Böyük gözləntilərimiz var ki, dövlət bu problemi çözəcəkdir".