İQNA Quran agentliyinin deyerler.org saytına istinadən məlumatına əsasən, Müsahibədə yer alan fikirlərə münasibət bildirən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu Azərbaycanda tolerantlığın daha da möhkəmləndirilməsi üçün hicab qadağasının aradan qaldırılmalı olduğunu söylədi: “Müsahibədə qeyd olunur ki, Azərbaycanda tolerantlıq daha da möhkəmlənir. Bu, çox maraqlı fikirdir. Doğrudan da biz dini tolerantlığın möhkəmlənməsini istərdik. Amma təəssüflər olsun ki, bu qadağa ilə dini çoxluğun inancına qarşı bir dözümsüzlük ortaya qoyulub. Hicab qadağası mövcud olduqca Azərbaycanda tolerantlıqdan söhbət etmək də gülüşə səbəb olacaq. Ona görə də tez bir zamanda bu qadağaları yığışdırmaq lazımdır”.
DEVAMM rəhbəri Hidayət Orucovun digər fikirlərinə də münasibət bildirdi: “Müsahibədə deyilir ki, Azərbaycan dünyəvi dövlətdir. Əlbəttə ki, biz hicab məsələsinə milli-mənəvi baxımdan diqqət yetirsək, bu, bir inanc azadlığıdır. Hicab taxmaq Quranın əmridir.
Əgər məsələyə dünyəvi anlamdan yanaşsaq, dünyanın istənilən nöqtəsində - istər Rusiya olsun, istərsə də Amerika və ya Avropa - orada hicab bir insan haqqı kimi tanınır. Şagirdlər hicab taxmaq məsələsində tamamilə sərbəstdirlər. Müsahibədə vurğulanır ki, hicab taxmağı valideynlər uşaqlara məcbur edir. Əvvəlcə, onun qeyd etmək istərdim ki, qəbul olunmuş beynəlxalq norma var ki, ateistlər də, müsəlmanlar da, xristianlar da öz övladlarının tərbiyəsində sərbəstdirlər. Valideynlər öz uşaqlarının dünyagörüşünü formalaşdırmalıdırlar. Bu, onların haqqı kimi tanınır. Yetkinlik yaşına çatmayan uşaqlar valideynlərin himayəsində olmalıdır”.
Müsahibimizə görə, valideynin haqqı var ki, övladını istədiyi kimi tərbiyə etsin: “Hicabı məktəb forması ilə əlaqələndirirlər. Ancaq bizim müşahidələrimiz göstərir ki, məktəb forması əslində bir bəhanədir. Söhbət vicdan azadlığının məhdudlaşdırılmasından gedir”.