IQNA

İMAM HÜSEYNİN (Ə) ŞƏHADƏTİ

12:53 - October 24, 2015
Xəbər sayı: 3393054
Tehran(İQNA) - İmam Hüseyn (ə) səhabə və köməkçiləri şəhadətə çatdıqdan sonra vəfalı insanlardan ibarət olan əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı üz tutur.

Aşura günü imam Hüseynin (ə) dəstəsi ilə Ömər ibn Sədin ordusu bir-birinin qarşısında sıraya düzüldükdən sonra, imam Hüseyn (ə) Ömər ibn Sədin ordusuna xitabən belə buyurur: “Mən sizin və həmyerlilərinizin dəvətinə görə sizə doğru gəlmişəm. Siz yazmışdınız ki, sünnə aradan qaldırılmış və İslam aləmini nifaq bürümüşdür! Məndən ümmətin islahı üçün Kufəyə gəlməyimi istəmişdiniz. Özünüzə gəlin! Peyğəmbərin və əmisi oğlunun (imam Əli (ə)) övladının qanını tökməyi özünüzə necə rəva bilirsiniz? Mənim və qardaşımın haqqında Rəsulullahın (s): “Həsən və Hüseyn behişt gənclərinin sərvəridirlər!” – deyə buyruğunu eşitməyibsinizmi? Əgər mənə inanmırsınızsa, hələ də yaşayan səhabələrdən – Cabir ibn Abdullah Ənsari, Əbu SəidXudri və Zeyd ibn Ərqəmdən soruşun!”

Hürr ibn Yezid o vaxta qədər bu təşəbbüslərin Rəsulullahın (s) övladı ilə ciddi döyüşlə nəticələnəcəyini təsəvvür belə etmirdi. Amma, artıq məsələnin ciddiləşdiyini görürdü. Ömər ibn Sədin yanına gedib: “Sizi Hüseynin (ə) sözlərindən heç biri qane etmirmi?” – deyə soruşduqda, Ömər ibn Səd cavab verdi: “Mənim əlimdə olsaydı, onu öldürməzdim!”

Hürr bu hadisələrdən sonra özünü imam Hüseynin (ə) hüzuruna yetirib keçmiş işləri və rəftarlarından üzr istəyərək bağışlanılmasını istədi və şəhadət yolunu seçib o həzrətin vəfalı səhabələri içində ilk şəhid oldu. (“İmamların ictimai-siyasi tarixi”, Ustad Rəsul Cəfəryan, “İmam Hüseynin (ə) həyatı” bölümü.)
İmam Hüseyn (ə) səhabə və köməkçiləri şəhadətə çatdıqdan sonra vəfalı insanlardan ibarət olan əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı üz tutur. Əhli-beytin ən əziz və istəklisi olan Hüseyndən ayrılmaq onlar üçün necə də ağırdır! Çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamisini Kərbəlanın isti torpaqları üzərində görəcəklər. Bu ayrılığın İmama (ə) əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək olmaz. Lakin bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: “Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ümmü-Gülsüm! Salamolsun sizə! Bu görüşün son anlarıdır!” İmamın istəkli qızı Səkinə qışqırır: “Ey ata! Ölümə gedirsən?” İmam (ə) buyurur: “Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?” Sonra Əhli-beyt qadınları ağlamağa başlayır və İmam (ə) onları sakitləşdirir. İmam Hüseyn (ə) Səkinəni çox sevirdi. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur: “Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələ ki, bədənimdə can var, göz yaşlarınla məni həsrətdən ayırma!”

Aşura günü imam Hüseyn (ə) anbaan öz Məbudunun görüşünə yaxınlaşırdı. Köməkçi və müdafiəçilərindən daha heç kəs qalmamışdı. Qardaşı Abbasın (ə) şəhadəti onu hər şeydən daha çox kədərləndirmişdi. Hüseyn (ə) düşmənin zahiri baxışında tənha və yalqızdır. Lakin bütün bunlara rəğmən, onun qəlbi arxayın və aramdır. O, dodaqaltı və batində öz Allahı ilə danışır, raz-niyaz edir, aşiqanə pıçıldayırdı. Düşmən özü də etiraf edir ki, müsibət və təzyiqlər onun səbir və müqavimətini azaltmamışdı. Hər an şəhadətə yaxınlaşdıqca, imam Hüseynin (ə) çöhrəsi daha şad və nurlu görünürdü. Bu təklik əhli-beyt xanımları və uşaqları üçün çox ağır idi. Necə dözmək olar ki, yer üzünün ən əziz və şərafətli insanı, Allahın höccəti köməksiz düşmən mühasirəsində qalsın?!
Bu vaxt imam Həsənin (ə) kiçik oğlu Abdullah əmisinin tənhalığını və görüb, ixtiyarsız olaraq xeymədən çıxır. Qaşa-qaça gəlib özünü İmama (ə) çatdırır. Zeynəbi-Kübra xanımlar və uşaqlardan muğayat idi və öz imamının fərmanını yerinə yetirirdi. Amma, deyəsən, qardaşının başına gələnlər ona hər şeyi unutdurmuşdu. O, birdən görür ki, Abdullah imam Hüseynə (ə) tərəf qaçır. Zeynəb sürətlə onun arxasınca qaçır. İmam Hüseyn (ə) Zeynəbə buyurur ki, onu saxlasın. Amma Zeynəb bir şey edə bilmir. Abdullah and içir ki, əmimdən ayrılmaram. Bu vaxt düşmənlərdən biri İmama (ə) qılınc çəkir. Abdullah öz qolunu düşmənə qalxan edir. Qılınc zərbəsindən qolu zədələnib dəridən asılı qalır. Uşaq qışqırır. İmam (ə) onu qucaqlayıb dözümlü olmağını istəyir və deyir: “Oğlum, bir az döz, indicə Allah səni pak və saleh əcdadın Peyğəmbərə (s), Əliyə (ə), Həmzəyə, Cəfərə və Həsənə (ə) qovuşdurar.” Birdən Hərmələ, Abdullaha tərəf bir ox atıb onu İmamın (ə) qucağında ikən şəhadətə yetirir. Düşmən hamılıqla Həzrətə tərəf üz tutur. Döyüş şiddətlənir və Həzrətin susuzluğu artır.

İmam Hüseyn (ə) ikinci dəfə xeyməyə qayıdıb, əhli-beyti ilə vidalaşır. Sonra isə mübarizə meydanına qayıdır. O həzrət təkrar-təkrar deyirdi: “La həvlə və la qüvvətə illa billah.”(Allahdan başqa, heç bir güc və qüdrət yoxdur.)

maide.az

Teqlər: imam ، Hüseyn ، (Ə) ŞƏHADƏTİ
captcha