IQNA

Bu gün Həzrət Məhəmməd peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günüdür

12:03 - January 02, 2016
Xəbər sayı: 3480015
Tehran, 2 Yanvar 2016 - Hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəl ayının 17-si Məhəmməd peyğəmbərin (s) və altıncı İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir.

IQNA, SalamNews-a istinadla xəbər verir ki, Həzrət Məhəmməd peyğəmbərin (s) doğum günü miladi tarixi ilə 570-ci ildə, yerli tarixi təqvimə əsasən isə "fil ili”nin rəbiul-əvvəl ayına təsadüf edir. Məhəmməd (s) peyğəmbərin dünyaya göz açmasının cümə gününə təsadüf etməsi qətiləşsə də, onun rəbiul-əvvəlin dəqiq neçəsində doğulduğu qətiləşməyib. İslam alimləri əsasən 12 və 17 rəbiul-əvvəl tarixlərini daha çox həqiqətə uyğun hesab edirlər.

Məhəmməd (s) peyğəmbər doğulan zaman artıq atası Abdullah bin Əbdül-Müttəlib dünyadan getmişdi. Yetim Məhəmməd 6 yaşında ikən anası Aminəni də itirir. Onun qəyyumluğunu babası, daha sonra isə əmisi Əbu-Talib öhdəsinə götürür.

Cahiliyyətin və nadanlığın hökm sürdüyü Məkkədə gününü çobanlıqla (çox az bir qismini ticarət) keçirmiş Məhəmmədə vəhyin nazil olması, ərəb əyanlarını həsədə və paxıllığa düçar edirdi. Onlar ümumiyyətlə peyğəmbərliyin əyanlara məxsus olduğu iddiasında idilər. Lakin uca Allahın hikməti belə tələb edirdi ki, sonuncu səmavi dinini ehtiva edən, qeybdən və gələcəkdən xəbər verən ilahi vəhy, məktəb, müəllim, yazma, oxuma bilməyən, olduğu cəmiyyətdə düzgün, dürüst və əmanətdar kimi tanınan birinə verilsin. Bu şərtlərin hamısı yalnız gənc Məhəmməddə cəmləşirdi. Məhz bu səbəbdən idi ki, bütpərəstlər Məhəmmədi "sən bu Quranı özün yazmısan” , "sən özün bunları bilirsən” deməklə ittiham edə bilmirdilər.

Bu gün Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində Məhəmməd (s) peyğəmbər və altıncı imamın doğum günü ilə bağlı tədbirlər keçirilir.
"Mövlud Günü"nün əməlləri:

Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır:

1. 17-ci günün niyyəti ilə qüsl almaq.

2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.

3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.

4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: "Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edərsə, həyatda ikən mənə tərəf hicrət edən şəxs kimi olar. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.

5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də
müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günlərdə İmam Əlini (ə) ziyarət etmişdi.

6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.

Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) də mövlud günüdür.

captcha