IQNA

İraqda birinci mövzu əsaslı Quran əzbərləmə üzrə ümumölkə müsabiqəsinin sonu

10:46 - October 01, 2025
Xəbər sayı: 3498956
İQNA - İraqın birinci ümumölkə mövzu əsaslı Quran əzbərləmə müsabiqəsi Kərbəlada İmam Hüseyn (ə) hərəminə bağlı Darul-Quran mərkəzinin təşəbbüsü ilə başa çatdı.

“İQNA”-nın İraq bürosunun məlumatına görə, bu müsabiqə Kərbəla–Bağdad yolunda yerləşən Darul-Quran mərkəzində, Babil və Dəvaniyyə (Diwaniyyə) vilayətlərindəki Darül-Quran şöbələrinin iştirakı ilə keçirildi.

İmam Hüseyn (ə) hərəminin Qurani-Kərim Media Mərkəzinin məsulu Visam Nəzir əl-Dulfî bu barədə deyib: “Müsabiqənin ilkin mərhələsində 20 nəfər kişi və 20 nəfər qadın iştirak edib. Final mərhələsinə isə ilkin mərhələni uğurla keçmiş 16 nəfər qadın və kişi qatılıb”.

O əlavə edib: “Müsabiqə iki imtahandan ibarət idi; birinci yazılı imtahan (40 bal) və ikinci şifahi imtahan – Quranı əzbərdən tilavət və icra (60 bal). Nəticədə kişi və qadınlar bölməsində üç iştirakçı ən yüksək yerləri tutdu.

Əl-Dulfî bildirib: Bu müsabiqə qaliblərin xüsusi təltif mərasimi ilə yekunlaşdı və İraqda mövzulu Quran əzbərlənməsi sahəsində ilk təcrübə oldu. İlk mərhələdə uğurlu nəticə verdiyi üçün gələcəkdə İmam Hüseyn (ə) hərəminin digər Darul-Quran şöbələrində də təşkil olunacaq”.

Məlumata görə, kişilər arasında Dəvaniyyə şöbəsindən Məhəmməd Yəhya Cabir birinci, Babil şöbəsinin Görmə Məhdudiyyətlilər qrupundan Heydər Həmzə Hüseyn ikinci, Dəvaniyyə şöbəsindən Əhməd Həsən Abbas isə üçüncü olub.

Qadınlar arasında isə hər üç qalib – Zəhra Hüseyn Əli, Bətul Əsəd Əbdülzəhra və Nəbə Abbas Casim – Babil şöbəsindən çıxış edərək birinci, ikinci və üçüncü yerləri tutublar.

4307945

captcha