İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Misirin paytaxtı Qahirədə yerləşən sünni dünyasının ən məşhur sayılan əl-Əzhər universitetinin ali imamı şeyx Əhməd əl-Tayyib gələn ayın əvvəlində İraqa səfər edəcək.
Bu barədə İraqın əl-Furat telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər çərçivəsində şeyx Nəcəf-Əşrəf şəhərinə gedəcək və İslam dünyasının böyük alimi olan Ayətullah Seyid Əli Sistani ilə görüşəcək. Əl-Əzhərin şeyxi Nəcəfdə və Kərbəlada imamların qəbrini ziyarət edərək, digər şiə din alimləri ilə görüş keçirəcək.
Qeyd edək ki, 2003-cü ildən bəri Əl-Əzhər şeyxi Əhməd əl-Tayyib İraqa səfər etməyib.