IQNA

9:03 - May 09, 2022
Xəbər sayı: 3492198
"İşraq" fəlsəfəsinin müsəlmanların digər fəlsəfi məktəblərindən fərqi ondadır ki, Sührəvərdiyə görə insan öz qəlbini ilahi mərifətə bağlı olmaq üçün inkişaf etdirə bilər.

"İQNA", xəbər verir ki, iranlı filosof, müctəhid və hüquqşünas Seyyid Mustafa Mühəqqiq Damad Tehranda keçirilən "Niyə Sührəvərdi?" adlı konfransda müsəlman filosofu Şahabəddin ​​Sührəvərdinin düşüncələrindən danışıb. Bu barədə aşağıda ətraflı oxuya bilərsiniz:

Əgər fəlsəfə tarixinə nəzər salıb İbn Sinanın (miladi 980-1037) bütün əsərlərini vərəqləsəniz, ümumilikdə Qurandan bir neçə ayədən çoxunu görə bilməzsiniz. İbn Sinanın fəlsəfi kitablarında Quran ayələri çox deyil. Amma Molla Sədranın (miladi 1571-1640) əsərlərində onun kitabının hər səhifəsində bir və ya iki Quran ayəsinin olduğu görünür. Onun fəlsəfəsinin sütunlarından biri Qurani-Kərimdir. Amma Molla Sədranın Qurani-Kərimin fəlsəfi çıxarışları əslində Sührəvərdinin (1154-1191) əsərlərinin davamıdır.

Sührəvərdi elmi fəaliyyətinə Quranla başlamışdır. Onun ən məşhur kitabı olan "Hikməül-İşraq"ın əvvəlində çox mühüm və ibrətamiz bir cümlə var. Bu da Sührəvərdinin küfrdə ittiham olunmasına səbəb oldu. O, "Hikməül-İşraq"ın ilk səhifələrində Təkvir surəsinin 23-24-cü ayələrini gətirmişdir: "Həqiqətən onu açıq və uca olan üfüqdə görmüşdür. O qeybə xəsis deyil". "Rəahu" felinin faili  İslam Peyğəmbəridir (s). Amma sual budur ki, Peyğəmbər (s) nə görüb və "Rəahu" felinin məfulu nədir? Məşhur təfsirçilər peyğəmbərin (s) Cəbrayılı gördüyünü deyirlər. Amma Sührəvərdinin "İşraq fəlsəfəsinin" təsbiti üçün əsas olan bu ayədən bir çıxarışı və təfsiri vardır. O deyir ki, Peyğəmbər (s) üfüqdə "fəal ağılı" gördü. Filosoflar dəlillərə əsasən, inanırlar ki, dünyanın daxilində həm öz zatından, həm də səbəb və nəticələrindən xəbərdar olan bir vasitəçi varlıq vardır. Bu dünyanın bütün dərkləri, şüurları və qüdrətləri Onun lütfü və köməyi ilə həyata keçirilir. Qeyri-maddi olduğu üçün ona "ağıl" deyirlər. O, məbdə ilə dünya arasında feyz vasitəsi və fəal qüvvə olduğuna görə ona "fəal ağıl" deyilir.

Sonrakı ayədə gəlib ki, "fəal ağıl" xəsis deyil ki, elmləri Peyğəmbərə (s) məxsus etsin. Bütün insanlar "fəal ağıla" qoşulub elmləri qəbul edə bilirlər.

"İşraq" fəlsəfəsinin müsəlmanların digər fəlsəfi məktəblərindən fərqi ondadır ki, Sührəvərdiyə görə insan öz qəlbini ilahi mərifətə bağlı olmaq üçün inkişaf etdirə bilər. İnsan qəlbi "fəal ağıla" qoşulduqda, elmləri qəbul edə bilər. Sührəvərdinin sözü ondan ibarətdir ki, "fəal ağıl" xəsis deyil ki, elmi bir peyğəmbərə tapşırıb, başqalarını ondan məhrum etsin. Sührəvərdinin bu sözü tamamilə düzdür. Amma sadə camaat deyirlər ki, Sührəvərdi demək istəyir ki, peyğəmbərlik Həzrət Xatəm ilə bitməyib. Başqa insanlar da peyğəmbər ola bilərlər. Halbuki Sührəvərdi qətiyyən bunu demək istəmir.

Şeyx İşraq kimi tanınan Şahabəddin Sührəvərdi (1154-1191) zəncanlı və İran tarixinin ən böyük filosoflarından biridir. Onun əsərlərinin əsas məzmununu Quran mövzuları, fəlsəfi, əxlaqi və fiqhi mistisizm təşkil edir. Qədim İranın fəlsəfəsini o canlandırdı.

4035250

Ad:
E-poçt:
* Comment:
* captcha: