“Yunis” surəsinin 5-ci ayəsində oxuyuruq: “Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!”.
Allah tərəfindən varlığın yaradılmasının hər kəs üçün olmasa da, başa düşülən bir məqsədi, hikməti və sirləri var. Yaradılış dünyasının sirlərini dərk etməyə maraqlı olan insanlar bu qüdrəti əldə edirlər. Bu halda kainatın ən kiçik hissələri onun üçün heyrətə və mürəkkəbliyə malik olar: “Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır” (Yunis, 6).
Dünyanın sirlərini və həqiqi əlaqələrini dərk etmək şərti təqvadır. İnsan illərlə günəşi, ulduzları, ayı araşdırıb məlumat əldə edib, hətta onu başqalarına da öyrədə bilər. Amma onun həqiqətinə çatmaya bilər. Əşyaların və varlıqların həqiqəti onları bütün xüsusiyyətləri, möcüzələri, qeyri-adiliyi ilə Yaradana çatmaq və varlığın Rəbbini tanımaq üçün vasitə görmək deməkdir.
İnsanı həqiqəti qəbul etməyə, haqqın mənbəyinə çatmağa tələsdirən, cəhd etdirən, dünya və onun yaradıcısından agah edən pak və sağlam qəlb və ağıldır.
Amma bütün insanların bu şüura çatmaq qabiliyyəti və istedadı yoxdur. Ona görə də bir çox insanlar yerdə və göydə çoxlu möcüzələr görsələr də, laqeydcəsinə keçib gedirlər. Ya da keçici bir həyəcana çatırlar.
Onlar məsələlərə dərindən baxmayan, gündəlik həyat və dünya ləzzətləri ilə o qədər məşğul olan insanlardır ki, bütün bu möcüzələrdən xəbərsizdirlər. Çünki Qurani-Kərimdə belə ifadə olunur: “Həqiqətən Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər" (Yunus, 7).
3966789