
Şadlıq və şad yaşamaq həyatın vacib tərəflərindən biridir. İslamda da sağlam şadlığa önəm verilir. Əlbəttə ki, İslam dini bütün sevinclərə icazə vermir. Çünki bəzi sevinclər saxtadır. Bu səbəbdən Qurani-Kərimdə şadlığa tövsiyə edən, digər tərəfdən isə şadlığı qadağan edən ayələr var.
Şadlıq da, kədər də Uca Allahdan olduğu üçün: “Güldürən də, ağladan da Odur” (Nəcm, 43). Şübhəsiz ki, Allahın lütf və rəhməti də sevinc və fərəh doğurur. Allahın rəhməti davamlı və sonsuz olduğuna görə keçici sevinclərdən daha yaxşıdır. Buna görə də Allah İslam Peyğəmbərinə (s) xitab edərək buyurur: (Ya Rəsulum!) De: Allahın neməti və mərhəməti ilə -ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!" (Yunis, 58).
Güclü imanı və əqidəsi olan insanların qəlbi sakit, ruhu şad olar. Çünki onlar dünyəvi işləri və məsələləri Allaha həvalə etmişlər və sadiqanə şəkildə daha yaxşı bir həyat sürməyə çalışırlar; Məhz buna görə də Allah möminlərə belə vəd etmişdir: “İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində qalacaqlar” (Rum, 15).
Amma məğrurluq və ya başqalarına hörmətsizlik nəticəsində şad olmaq üçün yaxşı səbəb deyil. Çünki çoxlu sərvət və daha yüksək məqama çatmaqdan yaranan şadlıq qalıcı deyil. Həddən artıq qürur insanın başqaları ilə münasibətini poza bilər. Qurani-Kərimdə qürurdan sevinənlər haqqında çoxlu misallar vardır. Lakin bu şadlıq onlar üçün yaxşı bitməmişdir: "Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: (Malına qürrələnib) fərəhlənmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) fərəhlənənləri sevməz!" (Qəsəs, 76).
Buna görə də İslamda və Quranda şadlıq prinsipi rədd edilməmişdir. Çünki bu, hər bir insanın daxilində mövcud olan fitri bir məsələdir. Lakin şadlıq pis vəsvəsələrə tabe olmaq və ya keçib gedən dünyəvi məsələlərə əsaslanırsa, bu, qəbuledilməzdir. Dini dəyərlərə əsaslanan, Allahın razılığına və başqalarının sevincinə səbəb olan şadlıq İslam tərəfindən vurğulanır.