
Allah “Əraf” surəsinin 31-ci ayəsində buyurur: “Ey Adəm övladları, hər ibadət yerində zinət əşyalarınızı özünüzlə götürün”. Bu ayədə Allah bizdən ən gözəl paltarı geyməyimizi, ən gözəl ətirləri vurmağımızı və hər ibadətə gedərkən baxımlı halda Allaha yaxınlaşmağımızı istəyir.
Ətirdən istifadə İmamların (ə) həyatının bir parçasıdır. İslam Peyğəmbəri (s) yeməkdən çox ətirə pul xərcləyirdi.
Həyatda zahiri səliqə-sahman, baxımlılıq Allahın rəhmətinin özünə çəkir, digər tərəfdən isə səliqəsiz, baxımsız və nizamsız evdən Allahın rəhməti uzaqlaşar.
Bir müddət İslam Peyğəmbərindən (s) vəhy kəsildi. Camaat çaş-baş qaldı və səbəbini ondan soruşdu. Həzrət buyurdu ki, niyə də kəsilməsin!? Dırnaqlarınızı kəsmirsiniz, xoş iyli ətirdən istifadə etmirsiniz və zahiri baxımlılığınıza fikir vermirsiniz.
Buna görə də xarici görünüşün gözəlliyi başqalarına müsbət psixi və emosional təsir göstərməklə yanaşı, insanın özünə də müsbət təsirlər yaradır. Bəzənən və baxımlı olan adam daha yaxşı əhval-ruhiyyədədir. Həmçinin İslam möminin şəxsiyyətinin qorunub saxlanmasını istəyir. Görünüşün dağınıqlığı, görkəminin təmizliyinə, səliqəsinə riayət etməmək başqalarının insana pis baxmasına səbəb olur.
Əsas odur ki, sadə yaşamla baxımlı olmaq ziddiyyət təşkil etmir. Həm sadə, həm də baxımlı olmaq olar. Zahiri baxımlılıq maddi şeylərə qarşı həddindən artıq meyilli olmaqdan fərqlidir.