
"Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın rizasını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!" (Nisa, 114).
“Pıçıltı ilə danışmaq şeytanın işidir” deyiblər. Bütün mədəniyyətlərdə belə bir deyim var ki, cəmiyyət içində pıçıltı ilə danışmayın. Çünki hamı fikirləşir ki, bəlkə mənim qeybətimi edirlər. Bu ümumbəşəri nəsihət ona görədir ki, insanlar bir-birlərindən inciməsinlər. Batil düşüncələrə və fantaziyalara qapılmasınlar. Həmçinin müxtəlif anlaşılmazlıqlardan əziyyət çəkməsinlər. Amma bu ayədə Allah pıçıltı ilə danışmaq üçün müstəsna hallar təyin etmişdir ki, bu da dostluq mühitinin və insanların abrının qorunması üçün vacib edilmişdir.
Biri odur ki, kimisə pıçıltı ilə sədəqə verməyə və ya başqasına yaxşılıq etməyə dəvət edə bilərsən. Bunu pıçıltı ilə və başqalarının xəbəri olmadan etmək daha yaxşıdır. Yaxud kimsə insanlar arasında olan münasibəti yaxşılaşdırmaq, aralarındakı dostluq və barışıq əlaqəsini bərpa etmək üçün yumşaq bir şəkildə pıçıldayır ki, bu da ən gözəl ibadətlərdən və insan əməllərindəndir. kiməsə öyüd-nəsihət ver ki, təvazökar olsun, bağışlasın və bu kimi şeylər olsun, amma bundan başqa, pıçıldamaq uyğun deyil. Bu müstəsna hallarda insan bu pıçıltını Allah rizası üçün etməlidir ki, bu halda əlbəttə ki, Allah ona böyük və tez bir mükafat verəcəkdir.
Allah buyurur: “ (Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!” (Mücadələ, 7). İnsana dostcasına pıçıltılarında belə Allahı görmək necə də xoşbəxtlikdir. Həmçinin nə qədər böyük təvazökarlıqdır ki, Xaliq Özünü üç məxluqunun dördüncüsü kimi tanıtdırır. Allahın insana nəzarətçi olması hissi bizi xeyirxah işlərə sövq edir, hər cür yanlış hərəkət və sözlərdən çəkindirir.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4115206