İqlim və bitki və ağac növləri baxımından eyni olan iki bağçaya nəzər salın. Onlardan birinin bağbanı bağı təhdid edən zərərvericilərə və zərərlərə diqqət yetirir, o bağ təravətli, meyvələr və çiçəklərlə dolu olur. Digər bağban isə ya zərərvericilərə və zərərlərə əhəmiyyət vermir, ya da onlardan xəbərsizdir. Belə bir bağ nəticədə, qurumuş və qurd yemiş meyvələrlə dolu olacaq.
İnsan da belədir, əgər ruhi və cismi xəstəliklərinə fikir verməsə, təhlükəli ünsürə çevrilər, amma diqqət və qayğı ilə baxarsa, təqvalı və ləyaqətli bir insan olar.
İnsanlarda olan zərərvericilər və xəsarətlər həmin günahlardır ki, bütün peyğəmbərlər və səmavi kitablar bəşəriyyəti ona bulaşmaqdan çəkindiriblər. Öz xəbərdarlıq və təkidləri ilə insanları pak olmağa və günahdan çəkinməyə dəvət etmişlər.
Əmirəl-möminən Əli (ə) bir çıxışında buyurur:
«آفَةُ النَّفسِ اَلوَلَه بالدّنیا»
“İnsan (pak) ruhunun bəlası hərislik və dünyaya bağlılıqdır”.
Həmçinin İmam Sadiq (ə) buyurur:
«آفَة الدّین الحَسدُ و العُجبُ و الفَخر»
“Dinin bəlası paxıllıq, eqoizm və təkəbbürdür”.