IQNA

Fransada Milad ərəfəsində məscidin divarına irqçi sözlər yazılıb

1:55 - December 28, 2023
Xəbər sayı: 3495191
İQNA – Milad gecəsi Fransanın Oise əyalətinin Beauvais şəhərindəki Həmzə məscidinin divarına irqçi sözlərin yazıldığı bildirilir.

Mətbuatda yayılan xəbərlərə görə, Milad gecəsi Beauvais şəhərindəki Həmzə məscidinin divarına qırmızı boya ilə “meymun” ifadəsi yazılıb.

Sözügedən irqçi söz şəhərdəki bir mağazanın divarına da yazılıb. Bələdiyyə və məscid rəhbərliyi məsələ ilə bağlı şikayət edəcəklərini açıqlayıb.

Hadisədən sonra məscidi ziyarət edən Beauvais Bələdiyyə sədrinin müavini Morad Laqrari hadisəni məscidin camaatından öyrəndiyini ifadə edərək, deyib: “Hadisə yerində qırmızı boya ilə yazılmış “Meymun” sözünü gördüm və bunu sizə deyə bilərəm ki, hər kəs son dərəcə təəccüblənmişdi”.

Sülh və qardaşlığı təmsil etməli olan Milad gecəsində belə bir hadisənin baş verməsinin sarsıdıcı olduğunu vurğulayan Laqrari, "Bu hərəkətləri qınayırıq" dedi.

Beauvais Bələdiyyə Başçısı Frank Pia da bəşəriyyət üçün utancverici olan bu hərəkətlərin Fransa Respublikasında yeri olmadığını vurğulayıb.

Pia qeyd edib ki, hadisəni törədənləri tapmaq və cəzalandırmaq üçün polislə əlaqə saxlayıb.

Digər tərəfdən, dekabrın 24-də səhər saatlarında Esson əyalətinin Vigneux-sur-Seine şəhərində məscidin qapısından ölü vəhşi donuz asılıb.

Məscidi idarə edən Vigneux-sur-Seine Müsəlman Mədəniyyət Dərnəyi müsəlmanlara qarşı olan bu hərəkəti pisləyib və şikayət edib.

AA

captcha