IQNA

Qəzzə aclıqla mübarizə aparır

11:32 - February 29, 2024
Xəbər sayı: 3495542
İQNA – İsrailin hücumlarının insanları ac və susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu Qəzzada daha 2 uşaq həyatını itirib.

Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrailin humanitar yardımların girişini əngəllədiyi Qəzza şəhərində Şifa xəstəxanasında, eləcə də şimal bölgələrində 2 uşağın qida çatışmazlığı və susuzluqdan öldüyü bildirilib.

Kamal Ədvan Xəstəxanasında eyni səbəblərdən dünyasını dəyişən 4 uşağa diqqət çəkən açıqlamada, qida çatışmazlığı və susuzluqdan ölən uşaqların sayının 6-ya yüksəldiyi bildirilib.

Bəyanatda, “Beynəlxalq qurumları Qəzza zolağının şimalında baş verən humanitar fəlakətin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. “Beynəlxalq ictimaiyyət İsrailin işğal etdiyi Qəzza zolağında soyqırımı dayandırmaq üçün mənəvi və humanitar sınaq qarşısındadır”.

Kamal Ədvan Xəstəxanasının direktoru Husam Əbu Safiyə xəstəxanada olan 4 uşağın qida çatışmazlığı və susuzluq səbəbiylə öldüyünü, xəstəxananın isə yanacaq çatışmazlığı səbəbindən xidmətdən çıxdığını açıqlayıb.

İsrail ordusu 145 gündür hücumlarını davam etdirərək, məcburi köçkün fələstinlilərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəf alır. Habelə təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında humanitar yardımın girişinin əngəllənməsi səbəbindən humanitar fəlakət yaşanır.

Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, aclıq, susuzluq və gigiyena materiallarının çatışmazlığının səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəs və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır.

Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı çıxardığı müvəqqəti qərarlar Qəzzaya humanitar yardımların çatdırılmasını təmin etsə də, fevralda Qəzzaya daxil olan yardımların yanvar ayı ilə müqayisədə yarıbayarı azaldığını bildirir.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla 29 min 954 fələstinli həlak olub, 70 min 325 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

TRT

captcha