IQNA

Ərəb ölkələri Qəzzada atəşkəsə çağırış edib

6:29 - April 29, 2024
Xəbər sayı: 3495851
İQNA – Ərəb ölkələri Ər-Riyadda keçirdikləri toplantıda 7 oktyabr 2023-cü ildən İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs çağırışlarını təkrarlayıb.

"TRT Xəbər"in verdiyi məlumata görə, görüşlə bağlı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl ibn Fərhanın sədrliyi ilə altı ərəb ölkəsi İsrailin Qəzza zolağına hücumları ilə bağlı baş verənləri müzakirə edib.

Görüşdə Misirin xarici işlər naziri Samih Şükri və iordaniyalı həmkarı Ayman Əl-Safedi, həmçinin Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn Əl-Şeyx, BƏƏ prezidenti Şeyx Xəlifə ibn Zayid Əl Nəhyanın diplomatik müşaviri Ənvər Qarqaş və Qətər hökumətinin xarici işlər üzrə müşaviri Məhəmməd ibn Əbdüləziz Əl-Hüleyfi iştirak edib.

Bəyanatda “Qəzza zolağında müharibənin dayandırılması, dərhal və tam atəşkəsin təmin edilməsi və beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsinin təmin edilməsinin zəruriliyi” vurğulanıb.

Bəyanatda “Humanitar yardımın Qəzza zolağına daxil olmasına mane olan bütün məhdudiyyətlərin aradan qaldırılması lazımdır” və müstəqil Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasına yönəlmiş bütün səylərin dəstəklənəcəyi bildirilib.

Bəyanatda “İki dövlətli həllin həyata keçirilməsi və paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin 4 iyun 1967-ci il sərhədlərində tanınması istiqamətində dönməz addımların atılmasının vacibliyi” vurğulanıb. Həmçinin "İsrailin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə iki dövlətli həll yolunu pozan qeyri-qanuni tədbirlərini davam etdirəcəyi" barədə xəbərdarlıq edilib.

captcha