Cozep Borrel, cümə axşamı İsrailin Qəzzaya hücumunda həyatını itirən UNRWA-nın (Fələstinli Qaçqınlara Yardım və Məşğulluq Agentliyi) 6 əməkdaşına reaksiya verərək, "İsrail döyüş təyyarələrinin Nuseyratdakı bir məktəbə beşinci hücumunda 6 UNRWA əməkdaşının həyatını itirməsinə qəzəblənirəm" dedi.
Borrell vurğulayıb ki, beynəlxalq ictimaiyyət beynəlxalq humanitar hüququn, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı prinsiplərə məhəl qoyulmamasını qəbul edə bilməz.
İbrani xəbər saytı Yediot Aharonot Borrelin işğal olunmuş ərazilərə səfərinin ləğv edildiyini bildirib. Bu xəbərə görə, Sionist rejimin xarici işlər naziri Yisrael Katz onun səfərinə qarşı çıxdıqdan sonra Borrell səfərini ləğv edib.
Qətər Xarici İşlər Nazirliyi daha əvvəl İsrailin Nuseyratdakı UNRWA məktəbinə hücumunu şiddətlə pisləyərək, bu qətliamın İsrail rejiminin cinayətkar yanaşmasının və beynəlxalq hüquq prinsiplərinə məhəl qoymamasının son göstəricisi olduğunu bildirmişdi. O, həmçinin İsrailin qaçqın düşərgələrinə və məktəblərə davamlı hücumları ilə bağlı beynəlxalq araşdırma aparılmasını istəyib.
İordaniya Xarici İşlər Nazirliyi də bəyanatında bu hücumu pisləyib və İsrailin beynəlxalq və humanitar hüququ davamlı şəkildə pozmasının Qəzzaya qarşı müharibəni sona çatdıracaq ciddi bir mövqenin olmamasının nəticəsi olduğunu vurğulayıb.