IQNA

Taylandın Puket şəhərində İslam əxlaqı və təhsil mərkəzi açıldı

2:03 - December 03, 2024
Xəbər sayı: 3497171
İQNA - Taylandın cənubundakı Puket şəhərində İslam əxlaqı və təhsil mərkəzi açıldı.

"Puket News" saytının verdiyi məlumata görə, açılış mərasimində Tayland Nümayəndələr Palatasının sədri Van Məhəmməd Nur Mata, bir qrup yerli rəsmi şəxs və Tayland İslam təşkilatlarının rəhbərləri iştirak ediblər.

Puket valisi Revat Areerob bildirib ki, bu mərkəzdə yerli və milli səviyyədə İslam dini tədrisinin aparılması ilə yanaşı, uşaqlar da daxil olmaqla, ictimaiyyət üçün yığıncaqlar, təhsil kursları, seminarlar və müxtəlif tədbirlər təşkil ediləcək.

Revat qeyd edib ki, dini təlimlər Tayland cəmiyyətində İslam haqqında məlumatlılığın artırılmasında, ənənələrin və tarixin qorunmasında, xüsusilə uşaqlar üçün əxlaq təliminin və həyat keyfiyyətinin yaxşılaşdırılmasının təşviqində mühüm rol oynayır.

Həmçinin o, Puket İslam Əxlaq Təhsil Mərkəzinin Puket Mərkəz məscidinin yanında yerləşən üçmərtəbəli bina olduğunu və 2940 kvadratmetr sahəni əhatə etdiyini bildirib. Mərkəzdə avtomobil dayanacağı, yemək zalı, ibadət yeri, 500 nəfərlik yığıncaq zalı və audiovizual nəzarət otaqları mövcuddur.

Puket şəhəri Puket adasında yerləşir. Bu bölgədəki yerli müsəlmanların əksəriyyəti Malay Yarımadasından və Asiyanın digər bölgələrindən gələn dəniz ticarətçilərinin nəvələridir.

Puketdəki müsəlmanlar buddistlər və digər dinlərdən olanlarla birlikdə yaşayır, bu da adanın gündəlik həyatında və yerli ənənələrində açıq-aydın görünən çoxmədəniyyətli mühit yaradır.

Müsəlmanlar Puket adasının məşhur turizm məkanı kimi statusunu qoruması üçün turizm, balıqçılıq və yerli sənətkarlıq vasitəsilə Puket iqtisadiyyatına mühüm töhfə verirlər.

4251489

Teqlər: tailand ، İslam ، müsəlmanlar ، əxlaq
captcha