İslam veb-saytına görə, Şeyx Həmiduddin Əbdülhəmid bin Əbdülmuhsin əl-Ənsari əl-Fərahi 1862-ci ildə Hindistanın Uttar Pradeş əyalətində yerləşən Azamqarh bölgəsinin kiçik bir kəndi olan Phrihada (bu səbəbdən də ona “Fərahi” deyilir) dünyaya gəlmişdir. Kiçik yaşlarında Quranı əzbərləmiş və fars dilini mükəmməl şəkildə öyrənmişdir.
Ərəb dilini əmisi oğlu, məşhur ilahiyyatçı və tarixçi Şibli Numani vasitəsilə öyrənməyə başlamışdır. Eyni zamanda hənəfi fəqihlərindən biri olan Şeyx Əbülhəsənat Məhəmməd Əbdülhəyy əl-Ləknəvinin dərslərində İslam elmlərini öyrənmişdir. Daha sonra o dövrün tanınmış ustadlarından olan Faizul Həsən Səhəraupri ilə ərəb ədəbiyyatını öyrənmək üçün Lahora getmişdir. 21 yaşında Aligarh Müsəlman Universitetinə qəbul olunmuşdur. Universitetin qurucusu Sir Seyyid Əhməd Xan Fərahini “ərəb və fars dillərini ustadlardan daha yaxşı bilən biri” kimi təqdim etmişdir. Fərahi, universitetdə oxuduğu dövrdə İbn Şihab əz-Zührinin “Ət-Təbəqatul-Kubra” adlı əsərinin bəzi hissələrini fars dilinə tərcümə etmişdir və bu tərcümə daha sonra universitet proqramına daxil edilmişdir.
Fərahi, cahiliyyət dövrünə aid şeirlərin divanlarını öyrənərək onların mürəkkəbliyini izah etmiş, həmin dövrün üslubuna uyğun olaraq şeir və məktublar yazmışdır.
O, Quranı və onun elmlərini dərindən tədqiq etmiş və həyatının böyük hissəsini bu sahəyə həsr etmişdir. Digər alimlərin diqqətdən qaçırdığı və ya araşdırmadığı məqamları incələməyə çalışmışdır.
Fərahi, Aligarh İslam Kollecində ərəb dili üzrə ustad olmuş, daha sonra Allahabad Universitetində dərs demişdir. Sonra o, Osmaniyyə Universitetinin qurulmasında iştirak etmiş, amma bir müddət sonra istefa verərək öz kəndinə qayıtmış və burada “İslahat Məktəbi” adlanan bir ərəb dili məktəbi təsis etmişdir. Məktəbin məqsədi ərəb dilinin tədris metodunu inkişaf etdirmək və Quranın elmlərini araşdırmaq idi.
Həmiduddin Fərahi, təxminən əlli il ərzində Quranın nizamını öyrənmişdir. Onun bu sahədəki ən böyük töhfəsi, Quran ayələrinin arasında nizam və ahəngin mövcud olduğunu sübut etməkdir. O, nizamın üç komponentini – qayda, mütənasiblik və birlik prinsiplərini nəzərə alaraq Quranın yalnız bir şəkildə təfsir edilə biləcəyini irəli sürmüşdür.
Fərahinin əsas əsərləri ərəb dilində yazılmışdır və aşağıdakılardır:
Məcmuətut-Təfsir Fərahi (Təfsire-Fərahi toplusu)
Müfrədatul-Quran (Quranın lüğəti)
Nizamul-Quran (Qurandakı harmoniya)
Əsalibul-Quran (Quranın üslubları)
Cəmharətl-Bəlağa (Quran ritorikası kitabı)
Fərahi, Quranın gözəlliyini və dərin mənalarını üzə çıxarmaq üçün "nəzm elmi" adlandırdığı metodla böyük töhfələr vermişdir. Bu metod, tədqiqatçılara Quranın sirrlərini və bəlağətini daha yaxşı anlamaq üçün yeni üfüqlər açmışdır.
4244401