Doğum dövrü haqqında əvvəlki hissədə bəhs edilmişdi, bu hissədə isə Qurani-Kərim baxımından İsa peyğəmbərin (ə) peyğəmbərlik dövrü və Bəni-İsrail arasında fəaliyyəti haqqında danışılır. İslam baxışında Məryəm (ə) peyğəmbərin nəslinin Süleyman peyğəmbərə (ə) və onun vasitəsilə Yaqub peyğəmbərə (ə) gedib çıxdığı qəbul olunur. Bu səbəbdən Quranda İsa peyğəmbər (ə) də Bəni-İsrail peyğəmbərlərindən biri sayılır.
İsa peyğəmbər (ə) Allah tərəfindən göndərilərək Bəni-İsrail qövmünü tövhidə çağırmış və öz peyğəmbərliyini sübut etmək üçün bir sıra möcüzələr göstərmişdir. Quranda qeyd olunan bu möcüzələrə ölü diriltmək, gildən quş formasında bir şey yaradıb ona üfürərək canlandırmaq, anadangəlmə korları və alaca xəstəliyindən əziyyət çəkənləri sağaltmaq və qeybdən xəbərlər vermək daxildir. Bu möcüzələr İsa peyğəmbərə (ə) Allahın izni ilə bəxş edilmişdir. Quranda buyurulur:
"Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır" (Ali-İmran, 49).
İsa peyğəmbər (ə) insanları öz şəriətinə – Musa peyğəmbərin (ə) şəriətini təsdiq edən və onu tamamlayan yeni şəriətə dəvət etmişdir. O, Tövratda Musa peyğəmbərin (ə) şəriəti ilə müəyyən günahlarına görə Bəni-İsrailə qadağan edilmiş bəzi hökmləri ləğv etmiş və Məhəmməd peyğəmbərin (s) gəlişi haqqında müjdə vermişdir. İsa peyğəmbər (ə) Bəni-İsrailə belə deyirdi:
" Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd – səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: Bu, açıq-aşkar bir sehrdir (Səff, 6).
İsa peyğəmbər (ə) Bəni-İsraili tövhidə və yeni şəriətə dəvət etməkdə davam etdi. Ancaq onların iman gətirəcəyindən ümidini kəsdikdə, xalqın üsyankarlığını, ruhani liderlərin təkəbbürünü və onun dəvətini qəbul etməmələrini gördükdə, ona iman gətirən azsaylı insanlardan bir qrup həvarini seçdi ki, onlar ona Allah yolunda kömək etsinlər. Quranda bu barədə buyurulur:
"Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: Allah yolunda mənim köməkçilərim kimdir? Həvarilər dedilər: Bizik Allahın köməkçiləri. Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər" (Səff, 14).