Rəsmi səfər üçün Tehranda olan İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
Ayətullah Xamenei görüşdə İran və İraq xalqları arasında tarixi, mədəni və dini bağlılıqları vurğulayaraq, bu əlaqələrin iki ölkə arasında əməkdaşlığın əsas təməlini təşkil etdiyini bildirib. Ayətullah Xamenei bəyan edib ki, İraqda sabitlik və təhlükəsizliyin təmin edilməsi regionda sülhə birbaşa təsir edən mühüm amildir.
ABŞ-ın İraqdakı mövcudluğunu tənqid edən Ayətullah Xamenei bildirib: "Dəlillər göstərir ki, amerikalılar İraqdakı varlıqlarını genişləndirməyə çalışırlar. ABŞ işğalına qarşı çıxmaq lazımdır."
Amerika işğalçı qüvvələrinin İraqda mövcudluğunun qeyri-qanuni olduğunu bildirən İslam İnqilabı Rəhbəri bunun İraq xalqının və Bağdad hökumətinin maraqlarına zidd olduğunu bildirib.
Həzrət Ayətullah Xamenei İraqdakı könüllülərdən ibarət Həşdüş-Şəbi birliyinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ayətullah Xamenei regionda baş verən proseslərə və xüsusilə Suriyadakı vəziyyətə toxunaraq, “bu hadisələrdə xarici hökumətlərin rolu açıq şəkildə görünür” dedi.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İrana, İraqa verdiyi dəstəyə görə təşəkkür edib və iki ölkənin ortaq maraqları çərçivəsində əməkdaşlığı dərinləşdirmək əzmində olduqlarını bildirib.
İraqın baş naziri “xalq”, “Həşdüş-Şəbi (Xalq Səfərbərlik Qüvvələri)”, “milli vəhdət və birlik” və “mərcəiyyət”i İraqda iqtidarın tərkib hissələri kimi qeyd edib və sionist rejimin Qəzza və Livandakı təcavüzünə toxunaraq, vurğulayıb: "İraqın prinsipial mövqeyi Qəzza və Livan xalqını və bölgədəki müqaviməti dəstəkləməkdir".
Əs-Sudani Suriyadakı hadisələrə və bu hadisələrdə əcnəbilərin roluna da toxunaraq, qeyd edib: “İraqın mövqeyi həmişə Suriya xalqının iradəsini dəstəkləmək, bu ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq və əhatəli bir dövlət yaratmaq olub."
Görüşdə İran prezidenti Məsud Pezeşkian da iştirak edib.
Sudani, rəsmi səfər çərçivəsində Tehrana gəlib. Mehrabad hava limanına enən Sudanini İranın İqtisadiyyat naziri Əbdül Nasir Himməti qarşılayıb.
Baş nazir Sudani Tehrandakı təmasları çərçivəsində İran prezidenti Pezeşkian ilə Sədabad sarayında iki saatlıq görüş keçirib.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışan Məsud Pezeşkian Sudani ilə danışıqlarının “yaxşı” keçdiyini və ikitərəfli əlaqələrin necə inkişaf etdirilə biləcəyi, Suriyadakı hadisələr, bölgədəki vəziyyət və bir çox başqa mövzuların müzakirə edildiyini bildirib.
İraqın baş naziri Sudaninin İrana sonuncu səfəri mayın 22-də baş tutub.
4258888