IQNA

Misirin Port-Səid şəhərində beynəlxalq Quran yarışları başlayıb

18:16 - February 02, 2025
Xəbər sayı: 3497546
İQNA - Misirin Port-Səid şəhərində keçirilən Beynəlxalq Quran və Dini Tərcümə Yarışları bu gün axşam saatlarında 33 ölkədən nümayəndənin iştirakı ilə başlayıb.

"Əl-Cumhuriyə" qəzetinin verdiyi məlumata görə, 31 yanvar 2025-ci il cümə günü başlayan bu yarışmalar Port Səid Beynəlxalq Quran və Dini Tərcümə Yarışları Yüksək Təşkilat Komitəsi tərəfindən təşkil edilir və 3 fevral 2025-ci il tarixinədək davam edəcək.

Açılış mərasimi Misirin vəqflər naziri Üsamə əl-Əzhari, Misirin gənclər və idman naziri, Misir müftisi, Əl-Əzhər Şeyxinin nümayəndəsi, Misir Parlamentinin dini komitələri və müxtəlif dini və inzibati rəsmilərinin iştirakı ilə Port Səid əyalətindəki Salam məscidində keçirilib.

Mərasim Şeyx Məhəmməd Tarutinin Quran tilavəti ilə başlayıb, onun qiraəti tədbirə mənəvi ab-hava verib. Daha sonra Alimlər Şurasının üzvü Əhməd Ömər Haşim cümə xütbəsində Qurani-Kərimin fəzilətlərindən və mənəvi dəyərlərin qurulmasındakı rolundan danışıb. O, həmçinin Quran əhlinin tolerantlıq və sülh mesajının yayılmasında əhəmiyyətini vurğuladı.

Bu yarışlar Misirin Baş naziri Mustafa Medbulinin himayəsi, Port Səid valisi Muhibb Həbəşinin dəstəyi və Baş Auditor və Rəqabət üzrə İcraçı Direktor Adil Musaylihinin nəzarəti altında təşkil olunur.

Müsabiqənin icraçı direktoru Adil Musaylihi builki yarışlarda 33 ölkədən 40 yarışmanın iştirak etdiyini və tədbirin Səlam məscidində cümə namazı zamanı başladığını açıqlayıb.

Musaylihi həmçinin builki müsabiqələrin Misirin məşhur qiraət ustadı mərhum Şeyx Məhəmməd Siddiq Menşavinin xatirəsinə təşkil olunduğunu açıqlayıb.

Yarışlar 1 və 2 fevral 2025-ci il tarixlərində davam edəcək və 3 fevral 2025-ci il bazar ertəsi bağlanış mərasimi ilə yekunlaşacaq. Bu mərasimdə qaliblərin adları açıqlanacaq və mükafatlar paylanılacaq.

Port Səid valisi Muhibb Həbəşi yarışların dini mədəniyyətin qorunub saxlanması və dəstəklənməsi və Qurani-Kərimin qorunmasında Misirin rolunun gücləndirilməsi istiqamətində mühüm addım olduğunu deyib.

Teqlər: misr ، port səid ، quran ، müsabiqə
captcha