İQNA - İran Prezidenti cümə axşamı günorta saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu telefon danışığında Azərbaycan dövləti və xalqına həmrəyliklərinə görə təşəkkür edib və sionist rejimin pilotsuz uçuş aparatlarının Azərbaycan ərazisindən İran hava məkanına daxil olması ilə bağlı yayılan xəbərlərin araşdırılmasını istəyib.
Pezeşkian bu telefon danışığında sionist rejimin İrana qarşı təcavüzünə toxunaraq deyib:
“Biz heç vaxt heç bir müharibəyə başlayan tərəf olmamışıq və olmayacağıq. Sionist rejim beynəlxalq qanunlara zidd olaraq İrana hücum etdi. Halbuki beynəlxalq hüquqa əsasən nüvə obyektlərinə hücum hətta müharibə şəraitində də qadağandır və bu, insanlığa qarşı cinayət sayılır.”
O əlavə edib: “Bu müharibədə komandirlərimiz, alimlərimiz və günahsız vətəndaşlarımız şəhid oldular. Hücumlar zamanı bir çox mülki və yaşayış məntəqələri bombalandı. BMT bu təcavüzləri müzakirə etsə də, bu qanunsuz hücumları və insanların qətlini pisləmədi.”
İran Prezidenti bildirib: “Biz bu münaqişəni danışıqlar yolu ilə həll etmək istəyirdik və inanırdıq ki, beynəlxalq hüquq çərçivəsində münaqişələr həll edilməlidir. ABŞ nümayəndəsi bizə demişdi ki, sionist rejim ABŞ-ın icazəsi olmadan İrana qarşı heç bir addım atmayacaq, amma bu, yalan imiş. Çünki altıncı danışıqlar mərhələsindən əvvəl sionistlər hücuma keçdi və danışıqlar dayandı.”
O, ABŞ-ın ikili siyasətinə toxunaraq deyib: “Amerika müharibənin başlanmasında iştirak etmədiyini deyirdi, amma müharibənin səkkizinci günü ABŞ birbaşa olaraq nüvə obyektlərimizi bombaladı. Biz də istəmədən, öz daxili iradəmizə zidd olaraq, regionda yerləşən ABŞ bazalarından birini – dost və qardaş ölkə olan Qətərdə yerləşən bazanı hədəfə almağa məcbur olduq. Qətər əmiri ilə telefon danışığında bildirdim ki, bu hücum yalnız ABŞ bazasına qarşı idi və İran İslam Respublikasının qonşu və dost ölkələrin ərazi bütövlüyünü pozmaq kimi bir niyyəti olmayıb və olmayacaq.”
Pezeşkian qonşularla mehriban münasibətlərin İranın prinsipial siyasəti olduğunu vurğulayaraq əlavə edib:
“Bu günlərdə qonşu ölkələrin rəhbərləri ilə danışaraq bildirmişəm ki, İran regionda sülh və sabitlik istəyir və qonşuların ərazi bütövlüyünə və milli suverenliyinə hörmət edir. Azərbaycan xalqı ilə dostuq, sıx əlaqələrimiz var və bu dostluq və həmrəylik sarsılmazdır. Ümid edirəm ki, iki ölkə arasında əlaqələr daha da dərinləşəcək və genişlənəcək ki, xalqlarımız bir-biri ilə daha yaxşı və sıx təmasda olsun.”
İran Prezidenti Azərbaycan dövləti və xalqının İranla həmrəyliyinə görə təşəkkür edərək, bəzi məlumatlarda qeyd olunan sionist rejimin pilotsuz uçuş aparatlarının Azərbaycan ərazisindən İran hava məkanına daxil olması məsələsinin araşdırılmasını və dəqiqləşdirilməsini istəyib.
Telefon danışığında İlham Əliyev də bildirib:
Azərbaycan Prezidenti İran xalqına qarşı törədilən təcavüzkar hücuma və bu hücumlarda günahsız insanların həlak olmasına görə təəssüfünü ifadə edib və atəşkəsin əldə olunmasını alqışlayaraq bundan məmnun qaldığını bildirib.
İlham Əliyev İranın ərazi bütövlüyünə və milli suverenliyinə hörmət etdiklərini vurğulayaraq deyib:
“Biz bu hücumların ilk günündən Azərbaycanın Xarici İşlər Nazirliyi vasitəsilə bu hücumları pislədik və bildirdik ki, Azərbaycan Respublikasının hava məkanı İran İslam Respublikasına qarşı heç vaxt istifadə olunmayacaq. Biz hava məkanımıza tam nəzarət edirik.”
Azərbaycan Prezidenti sionist rejimin Azərbaycan hava məkanından İrana qarşı istifadə etməsi ilə bağlı şayiələri təkzib edərək deyib:
“Azərbaycan dövləti heç vaxt hava məkanının İran İslam Respublikasına qarşı istifadə olunmasına icazə verməyəcək.”
O həmçinin bildirib ki, Azərbaycan İranla bütün sahələrdə, xüsusilə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Bu məqsədlə, yaxın günlərdə Şimal-Cənub dəhlizinin icrası ilə bağlı Rusiya rəsmilərinin Bakıya səfəri çərçivəsində üçtərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Buna görə də, İrandan da bir nümayəndə heyətinin bu görüşlərdə iştirak üçün Bakıya göndərilməsini istəyirik.
Sonda Azərbaycan Prezidenti cənab Pezeşkianı ölkəsində keçiriləcək növbəti İƏT (EKO) Zirvə Toplantısında iştirak etməyə dəvət edib.
4291032