“İQNA”-nın “Şarcə 24” xəbər saytına istinadən verdiyi məlumata görə, bu seminar çərşənbə günü, iyulun 10-da Şarcə Quran Kərimi Cəmiyyətinin rəhbəri Xəlifə Məsbah əl-Tənicinin iştirakı ilə açılıb və iki gün davam edib.
Bu barədə danışan Şarcə Quran Kərimi Cəmiyyətinin baş katibi Abdullah Xəlif əl-Husni bildirib ki, seminar iyulun 9 və 10-da alimlər və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilib və burada vəqf və ibtida elminin bəlağət, təfsir və düşüncə yönləri araşdırılıb.
O əlavə edib: “Seminarda Qurani-Kərim ayələrinin mənasına istiqamət verməkdə vəqf və ibtida elminin əhəmiyyəti, eləcə də bu elmin bəlağət və təfsir prinsipləri ilə əlaqəsi izah olunub. Qeyd olunub ki, vəqf və ibtidaya diqqət yetirmək, Quranın mətninə təfəkkürlə yanaşmaqda qarilərə və tədqiqatçılara ən yaxşı şəkildə kömək edəcək”.
Əl-Husni vurğulayıb ki, Şarcə Quran Cəmiyyəti bu elmi tədbirdə alimləri və tədqiqatçıları qəbul edib. Onlar vəqf və ibtida elminin dilçilik, bəlağət və texniki tərəfləri, habelə tilavətə təsiri ilə bağlı məqalələr təqdim edib və bu mövzu üzrə ixtisaslaşmış iclaslar keçirilib.
O sözlərinə belə davam edib: “Seminar həmçinin vəqf və ibtida elminin səbəbi, mənası və ifadə baxımından üç əsasına söykənərək, Quran sözləri və kəlmələri ilə vəqf və ibtida qaydaları arasındakı əlaqəni müzakirə edib. Tədbirin sonunda bu elmin cəmiyyətin müxtəlif təbəqələrinə yaxınlaşdırılması məqsədilə onun sadələşdirilməsinin vacibliyi vurğulanıb”.
Qeyd edək ki, Şarcə Quran Kərimi Cəmiyyəti BƏƏ-dəki ən mühüm Quran qurumlarından biridir. Burada çoxsaylı əlyazma nüsxələri və nadir Quran məshəfləri qorunur.
Qurani-Kərim və Quran elmləri muzeyi ilə yanaşı, bu cəmiyyətin Darul-Quran bölməsi son illərdə Quran təlimi və tədrisində müasir texnologiyalardan istifadə sahəsində əhəmiyyətli addımlar atmış və bir çox tanınmış mütəxəssis və tədqiqatçıların iştirakı ilə tədris və tədqiqat kursları təşkil etmişdir.
4293800