IQNA

Malaziyanın İslam Turizmi üzrə Qlobal Reytinqdə Liderliyi

13:11 - July 22, 2025
Xəbər sayı: 3498567
İQNA - Malaziya, 2025-ci il üzrə İslam ölkələri arasında Müsəlman Səyyahlar üçün Qlobal Səfər İndeksində (GMTI) birinci yerə yüksəlib.

“İQNA”-nın “Travel Daily Media”-ya istinadla verdiyi xəbərə görə, Malaziya bu il “Mastercard-CrescentRating” tərəfindən təqdim edilən Müsəlman Səyyahlar üçün Qlobal Səfər İndeksində birinci yerə yüksəlib.

“Mastercard və CrescentRating” – halal turizm sahəsində qlobal istinad mənbəyi – hər il bu indeksi birgə dərc edirlər.

Bu il Malaziya 79 xal toplayaraq yenidən zirvəyə yüksəlib və təkbaşına lider mövqeyə sahib olub.

Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri isə 78 xalla ikinci yeri bölüşüblər. İndoneziya bu il 4 xal geriləyərək Qətərlə birlikdə 76 xalla beşinci yerdə qərarlaşıb.

Reytinqdəki bu dəyişikliklər, qlobal bazarın dəyişkən vəziyyətini əks etdirir və həm inkişaf, həm də rəqabət üçün bu sahədə aktivliyin nə qədər vacib olduğunu göstərir. Bu ilki reytinqi hesablayan mütəxəssislərin sözlərinə görə, Malaziyanın İslam turizm istiqaməti kimi fəaliyyət və populyarlığı son on ildə sabit olaraq qalıb.

Bu nailiyyətin səbəbi kimi, Malaziyanın halal turizmlə bağlı milli strategiyanı qəbul etməsi və həyata keçirməsi, həm yerli, həm də xarici müsəlman səyyahların ehtiyac və üstünlüklərini nəzərə alması göstərilir.

Bunun üçün Malaziya hökuməti və özəl sektor ciddi investisiyalar qoyub:

– halal sertifikatlaşdırma sistemlərinin qurulması,

– əhatəli turizm siyasətləri hazırlanması,

– yerli adət-ənənələri, İslam mirası və müasir texnologiyanı cazibədar şəkildə birləşdirən milli mədəni kimliyin gücləndirilməsi sahələrində mühüm işlər görülüb.

Malaziya dini və mədəni irs baxımından qonşuları Bruney və İndoneziya ilə ortaq dəyərlərə malik olsa da, öz mədəniyyətini həm klassik, həm də halal turizm sahəsində bənzərsiz və cəlbedici şəkildə təqdim edə bilir.

GMTI qeyd edir ki, Malaziya çoxmillətli və əksəriyyəti müsəlman olan bir ölkə kimi səyyahlara ənənə və festivalları müasir və qonaqpərvər bir mühitdə yaşamaq imkanı verir.

İslam Əməkdaşlıq Təşkilatı (OIC) üzvü olan Yaxın Şərq və Şimali Afrika ölkələri adətən GMTI reytinqində ilk 20-də üstünlük təşkil etsə də, qeyri-müsəlman və OIC üzvü olmayan ölkələrin də tədricən ilk 50-yə daxil olması diqqət çəkir.

Məsələn, OIC üzvü olmayan ölkələr arasında reytinqdə Honq Konq artıq üçüncü yerə yüksəlib. Hazırda burada 180-dən çox halal sertifikatlı restoran və CrescentRating tərəfindən müsəlmanlara uyğun olaraq tanınmış 60-dan çox otel və əyləncə mərkəzi fəaliyyət göstərir.

Sinqapur isə hələ də bu reytinqdə liderliyini qoruyur. Tailand və Filippin də sıralamada çox geri qalmayıb. Filippin Turizm Nazirliyi (DOT), halal uyğunluq baxımından tanınmış mərkəzlərin sayını və görünürlüğünü artırmaq üçün Megaworld kimi otel və kurortlarla əməkdaşlıq edir ki, bu da ASEAN və Yaxın Şərqdən daha çox müsəlman turistin cəlb olunmasına səbəb olur.

“CrescentRating”-in proqnozlarına görə, bu onilliyin sonuna qədər dünyada 245 milyon müsəlman turist olacaq və bu sahədə xərclər 230 milyard ABŞ dollarına çatacaq. Buna görə də qeyri-müsəlman ölkələrin bu unikal və dinamik bazara uyğun xidmətlər təqdim etmək üçün artan səyləri təəccüblü deyil.

4295461

Teqlər: malaziya ، turizm ، İslam ، müsəlman
captcha