“İQNA”-nın “Əd-Dustur” qəzetinə istinadla verdiyi xəbərə görə, İordaniya Ali Fətva Şurası, sionist rejimin mətbuatında yer alan, bu rejimin rəsmilərinin fələstinliləri İbrahim Məscidinin idarəçiliyindən kənarlaşdıraraq bu məsuliyyəti Kiryat Arba qəsəbəsindəki yəhudi dini şurasına vermək barədə qərar verdiyinə dair xəbəri qınayıb.
Şura öz bəyanatında bildirib: Əgər bu xəbər doğru olarsa, bu, təhlükəli vəziyyətin daha da kəskinləşdiyini göstərir. Belə ki, bu addım müsəlmanların tamamilə islami olan bir məkan üzərində yəhudi suverenliyinin tətbiqi və bu müqəddəs məkandakı müsəlmanların dini və tarixi dəyərlərinə açıq təcavüzdür. Bu hərəkət, Fələstinin görkəmli məkanlarını yəhudiləşdirmək və Qüds, Xəlil və digər şəhərlərdəki islam müqəddəsləri üzərində qanunsuz İsrail suverenliyini tətbiq etmək məqsədi daşıyır.
Şura, həmçinin iki yəhudi qəsəbə sakininin İbrahim Məscidində nikah mərasimi keçirməsini də qınayıb. Qeyd olunub ki, həmin şəxslər bir neçə gün əvvəl Əl-Əqsa məscidinin həyətində də oxşar mərasim təşkil etmişdilər.
İordaniya Ali Fətva Şurası bəyanatında əlavə edib: İşğalçı İsrail rəsmiləri əsassız bəhanələrlə məscidlərə qarşı təcavüzlərini davam etdirməkdə israrlıdırlar və fələstinli vətəndaşların orada dini ayinlərini icra etməsinə mane olurlar.
Şura vurğulayıb: “Bu cür hərəkətlər, ilahi qanunlarla tələb olunan və beynəlxalq hüquq və normalarla təmin edilmiş ibadət azadlığı hüququnun pozulmasıdır. Lakin sionist rejim bu hüquqa hörmət göstərmir və sistemli şəkildə Fələstindəki ərəb və islam izlərini silmək planını həyata keçirir”.
Şura beynəlxalq ictimaiyyəti Fələstindəki müqəddəs məkanlar qarşısında öz mənəvi və hüquqi məsuliyyətini yerinə yetirməyə və bu məkanları təhqir, təhrif və davam edən yəhudiləşdirmə cəhdlərindən qorumaq üçün mümkün olan bütün vasitələrlə maksimum praktiki səylər göstərməyə çağırıb.
Şura, həmçinin İsrailin İordan çayının qərb sahilində suverenlik tətbiq etmək məqsədi daşıyan təhlükəli planlarını və mülki, silahsız fələstinlilərə qarşı qəsəbə sakinlərinin vəhşicəsinə hücumlarını da pisləyib.
4295583