“İQNA”-nın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Fələstin Muxtariyyəti Prezident Aparatının Ali Komitəsi cümə günü yaydığı bəyanatda İsrailin Fələstində kilsələrə hücumunu, “xristianların mövcudluğunu zəiflətmək üçün sistemli siyasətin bir hissəsi” adlandıraraq, kəskin xəbərdarlıq edib.
Komitə bəyan edib ki, müqəddəs torpaqlardakı kilsələr, xüsusən də Qüdsdəki pravoslav kilsəsi misilsiz hücumlara məruz qalıb.
Komitənin fikrincə, baş verənlər Fələstindəki xristianların real mövcudluğunu zəiflətmək və dini institutlarını bu torpaqdan təmizləmək üçün həyata keçirilən sistemli siyasətin göstəricisidir.
Komitə açıqlayıb ki, işğalçı İsrail rəsmiləri cümə axşamı pravoslav kilsəsinin hesablarını dondurub və onun mülklərinə ağır vergilər tətbiq ediblər. Bu addım kilsənin mənəvi, humanitar və ictimai xidmət göstərmə imkanlarını təhlükə altına qoyur. Bu isə tarixi status-kvonun, beynəlxalq hüququn və müvafiq sazişlərin açıq-aşkar pozulması deməkdir.
Komitə əlavə edib ki, İordan çayının qərb sahilində, Erihanın şərqində yerləşən Müqəddəs Qerasimos monastırının yaxınlığındakı pravoslav kilsəsinə məxsus torpaqlara hücum və bu bölgədə məskunlaşmanın genişləndirilməsi də xristianlara qarşı təzyiqin başqa bir nümunəsidir.
Bəyanatda bildirilib ki, son iki ildə Eriha ətrafında yeni qəsəbələr salınıb və bu, həmin bölgənin tarixi və dini kimliyinə birbaşa təhdiddir. Bu, həm də Fələstinin tarixi kimliyini silmək planının bir hissəsidir.
Prezident Aparatının Komitəsi vurğulayıb ki, bu tədbirlər işğalın daha geniş siyasətinin tərkib hissəsidir. Məqsəd Qüdsün kimliyini dəyişmək, onun dini və mədəni institutlarını məhv etmək və nəhayət şəhərdə fələstinlilərin mövcudluğunu aradan qaldırmaqdır.
Komitə həmçinin xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin və dünya kilsələrinin sükutu bu ədalətsiz addımların genişlənməsi üçün “yaşıl işıq” kimi qəbul olunacaq.
Komitə dünya üzrə kilsələri və xristian qurumlarını bu cinayətlərin dayandırılması, kilsələrin mənəvi və humanitar missiyalarını icra etməsi azadlığının qorunması üçün təcili siyasi, hüquqi və media addımları atmağa çağırıb. Çünki bu, ümumi bir məsuliyyət və qorunmalı tarixi bir əmanətdir.
Son illərdə İsrail rəsmiləri Qüdsdəki tarixi kilsələrdən vergi tələb etməklə onlara təzyiqləri artırıb. Kilsələr bildirirlər ki, İsrail hakimiyyəti Qüdsdə kilsələrin mülklərinin yəhudi məskunlaşma qrupları tərəfindən zəbt edilməsini də asanlaşdırır. Bunun bir nümunəsi köhnə şəhərin Bab əl-Xəlil bölgəsində baş verib.
4300130