“İQNA”-nın “Sout al-Şiə” saytına istinadla verdiyi xəbərə görə, Fransada anti-İslam və İslamofobiya yönümlü tədbirlərdə narahatedici artım müşahidə olunur.
Avqustun 23-dən 25-dək cəmi üç gün ərzində Muluz, Tur və Miyo şəhərlərində yerləşən üç məscid hücuma məruz qalıb ki, bu da rəsmilərin əvvəldən xəbərdarlıq etdiyi narahatedici tendensiyanı göstərir.
23 avqustda səhər namazı zamanı bir kişi bıçaqla Muluz (Haut-Rhin) şəhərindəki məscidə daxil olaraq Quran nüsxələrini cırıb, mebellərə zərər vurub və namaz qılanlarda vahimə yaradıb. Hücum edən şəxs yerli icmaya tanış idi, psixi sağlamlıq problemlərindən əziyyət çəkirdi və heç kim xəsarət almasa da, hadisənin namaz qılanlara psixoloji təsiri dərin oldu.
Ertəsi gün Tur şəhər Cümə məscidi daşla hücuma məruz qaldı və onun şüşə fasadlarından biri sındırıldı. Bu məscid əvvəllər də bir neçə dəfə vandalizm aktlarının şahidi olub; hasarların sökülməsi, elektrik lövhəsinin dağıdılması və ətrafına zibil tökülməsi kimi. Məscidin rəhbərliyi “Tabe Olmayan Fransa” (LFI) partiyasının dəstəyi ilə polisə şikayət edib.
25 avqustda isə Aveyron bölgəsindəki Miyo məscidinin fasadı irqçi divar yazıları ilə hədəfə alınıb. Buna cavab olaraq müsəlmanlarla həmrəylik nümayiş etdirmək üçün dini və ictimai toplantı təşkil olunub.
Bu hücumlar Fransanın Daxili İşlər Nazirliyinin məlumatı fonunda baş verir. Həmin məlumatlara görə, 2025-ci ilin ilk yarısında İslamofobiya yönümlü hərəkətlər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 faiz artıb.
Hüquq müdafiə təşkilatları bəzi siyasi qüvvələr və media, xüsusilə də ifrat sağçılar tərəfindən nifrət dolu ritorikanın normallaşdırılmasına qarşı xəbərdarlıq edirlər; bu qruplar miqrasiya və İslam məsələlərindən seçki məqsədləri üçün sui-istifadə edirlər.
Hücumların ciddiliyinə baxmayaraq, onlar çox vaxt milli mediada az işıqlandırılır, siyasi çevrələrdə geniş şəkildə qınanmır və çəkindirici cəza tədbirləri ilə nəticələnmir. Bu isə müsəlmanların güvənlik hissini azaldır və ictimai həmrəyliyi təhdid edir.
İslam və digər dinlərə aid ortaq assosiasiyalar bildirirlər ki, bu cinayətlərə hər cür irqçilik və antisemitizmlə eyni sərtliklə yanaşılmalıdır. Onların vurğuladığına görə, məsələ yalnız divarlara dəymiş zərərdən ibarət deyil, ibadət azadlığı və birgəyaşayış prinsipi birbaşa hədəf alınır.
4303274