IQNA

Fələstin İbrahim Məscidinə UNESCO-nun dəstəyini tələb edib

1:31 - September 06, 2025
Xəbər sayı: 3498813
İQNA - Fələstin, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) işğal olunmuş Qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərindəki İbrahim Məscidini sionist rejimin hücumlarından qorumağı tələb edib.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü və Fələstinin Maddi və Qeyri-Maddi İrs üzrə Milli Komitəsinin sədri Əli Zeydan Əbuzəhri, işğalçı İsrail rejiminin rəsmilərinin İbrahim Məscidinin həyətində keçirilən bir konfransda iştirakından sonra yaydığı bəyanatda beynəlxalq ictimaiyyəti, xüsusən də UNESCO-nu İbrahim Məscidini və islam-məsihi müqəddəs məkanlarını qorumaq üçün praktiki addımlar atmağa çağırıb.

Əbuzəhri həmçinin fələstinlilərin mədəni və irsi mülklərinə qarşı qanlı təcavüzlərin dayandırılmasını, müstəmləkəçi rejimə və onun rəhbərliyinə qarşı çəkindirici tədbirlərin görülməsini tələb edib. O, xüsusilə vurğulayıb ki, bu məscid artıq UNESCO-nun dünya irsi siyahısına daxil edilib.

Fələstinli rəsmisi bildirib ki, Əl-Xəlildəki İbrahim Məscidinin həyətlərində keçirilən məskunlaşma konfransı fələstin xalqının mədəni və dini irsinə açıq-aşkar təcavüzdür və dünyanın milyonlarla müsəlmanının hisslərini təhqir edir.

O, əlavə edib ki, işğalçı nazirlərin iştirakı ilə təkrar olunan bu pozuntular müqəddəs məkanların yəhudiləşdirilməsi və Fələstinin tarixi kimliyinin silinməsi üçün sistematik siyasətin bir hissəsidir.

Əbuzəhri bu təhlükəli addımların nəticələrinə görə işğalçı rejimi tam məsuliyyət daşıyan tərəf elan edib və qeyd edib ki, bu addımların məqsədi qarşıdurmanı açıq dini münaqişəyə çevirməkdir.

O deyib: “Fələstinin maddi və qeyri-maddi irsi bəşəriyyətin qlobal kimliyinin ayrılmaz bir hissəsidir və işğalçıların tarixi silmək və fələstin xalqının kollektiv yaddaşını təhrif etmək səylərinə son qoymaq üçün ciddi beynəlxalq himayəyə ehtiyac var.”

2017-ci ilin iyul ayında UNESCO-nun Dünya İrsi Komitəsi İbrahim Məscidini Fələstinə aid irs məkanı elan edib.

Bu məscid işğalçı sionistlərin nəzarəti altında olan Əl-Xəlilin qədim şəhərində yerləşir. Orada təxminən 400 məskunlaşan yaşayır və 1500 israilli əsgər onları qoruyur.

1994-cü ildə bir yəhudi məskunlaşan tərəfindən törədilən və 29 fələstinli ibadətçinin şəhid olması ilə nəticələnən qətliamdan sonra sionist rejimi İbrahim Məscidini bölüşdürərək, onun 63 faizini yəhudilərə, 37 faizini isə müsəlmanlara ayırdı.

4303347

captcha