IQNA

Qəzzada soyqırıma qarşı min xristian keşiş kampaniyası

11:38 - September 22, 2025
Xəbər sayı: 3498905
İQNA - Dünyanın müxtəlif yerlərindən min xristian ruhani “Soyqırıma qarşı keşişlər” adlı kampaniyaya qoşulublar.

“Əl-Cəzirə”nin xəbərinə görə, İtaliyada ruhani xadimlər “Soyqırıma qarşı keşişlər” adlı kampaniya başladaraq sionist rejimin cinayətlərinin və Qəzza zolağında soyqırımın dayandırılmasını tələb ediblər. Bu təşəbbüs, Qəzzada davam edən müharibəni və aclığı pisləyən yüzlərlə xristian ruhanini dünyanın müxtəlif yerlərindən cəlb edib.

Kampaniyanın rəhbəri keşiş Rino Marska bildirib ki, baxmayaraq ki, bu kampaniya İtaliyada başlanıb, artıq dünyanın müxtəlif yerlərindən təxminən min xristian ruhani ona qoşulub. O, Fələstin bayrağının rənglərində geyimlə “Corpus Christi” ayinini icra edib.

Cənubi İtaliyanın Neapol yaxınlığındakı Montura yeparxiyasının keşişi Marska Əl-Cəzirəyə müsahibəsində deyib: “Bu kampaniya 16 avqustda “WhatsApp” vasitəsilə onlarla iştirakçı ilə başlayıb, lakin sonradan iştirakçıların sayı min nəfərə çatıb ki, onların əksəriyyəti italyanlardır”.

Marska əlavə edib ki, kampaniya hazırda bütün qitələrdən və 28 müxtəlif ölkədən keşişləri əhatə edir.

O vurğulayıb: “Soyqırım davam etdiyi halda sülhə dəvət etmək, şərin yenidən qələbəsinə imkan verməmək deməkdir.”

Marskanın fikrincə, İsrailin həyata keçirdiyi bu soyqırım, yəhudilər və israillilərin nasist lider Adolf Hitlerin ideyalarının yenidən qələbə qazanmasına şərait yaratması deməkdir və bu, soyqırıma qarşı çıxan yəhudi alimlərinin də söylədikləridir.

O, kampaniyada niyə “soyqırım” ifadəsindən istifadə etdiklərini belə izah edib: “Biz şeyləri öz adları ilə çağırırıq. Pulumuz, silahımız və ya siyasi təsirimiz yoxdur, amma həqiqəti dəyişdirən sözlərimiz var. Qətliam indi baş verir və Qəzza şəhərinə hücum davam edir. Amma biz demək istəyirik ki, nifrətdən qurtuluşun yolu ona daha çox odun atmaq deyil.”

Kampaniyanın loqosu, Qəzza zolağında aclıqdan həyatını itirən fələstinli uşaq Məhəmməd Zəkəriyyənin təsviridir. Onlarla beynəlxalq media bu şəkildən Qəzzada müharibənin və aclığın sona çatması tələbi ilə istifadə ediblər. Bu təsvir italiyalı rəssam Cianluka Kostantini tərəfindən hazırlanıb.

4306261

captcha