“Əl-Cəzirə”-nin məlumatına görə, Həmas yaydığı bəyanatda bildirib ki, bu hərəkat İsrailin təcavüzlərini dayandırmaq məqsədilə Trampın planına münasibətdə “məsuliyyətli mövqe” formalaşdırmaq üçün “geniş məsləhətləşmələr” aparıb.
Həmas bəyanatda əlavə edib: “Müharibənin dayandırılması və tam geri çəkilmənin təmin olunması çərçivəsində – Trampın təklifi əsasında – bütün əsirlərin, istər sağ, istərsə də cəsədlərin azad olunmasına razılığımızı bildiririk. Şərt odur ki, bu məsələ müharibənin dayandırılması və geri çəkilmə ilə nəticələnsin və mübadilə üçün zəruri meydan şəraiti yaradılsın”.
Hərəkat həmçinin vasitəçilər vasitəsilə detalların araşdırılması üçün “dərhal” danışıqlara hazır olduğunu açıqlayıb. Həmas bir daha bəyan edib ki, Qəzza zolağının idarəsinin “milli razılıq əsasında müstəqil fələstinli quruma” və ərəb-İslam dəstəyinə söykənən bir struktura verilməsinə razıdır.
Cavabda Həmas müharibənin dayandırılması, tərəflər arasında əsir mübadiləsi, humanitar yardımların dərhal daxil olması, Qəzzanın işğalına qarşı çıxmaq və fələstinlilərin köçürülməsinin rədd olunması üçün göstərilən ərəb, islam, beynəlxalq səylərə, eləcə də Trampın təşəbbüsünə təşəkkürünü bildirib.
Bəyanatda həmçinin vurğulanıb ki, Trampın təklifində Qəzzanın gələcəyi və Fələstin xalqının hüquqları ilə bağlı qeyd olunan məsələlər “milli mövqe çərçivəsində və Həmasın da iştirak edib məsuliyyət daşıyacağı ümummilli fələstinli strukturlar daxilində müzakirə olunmalıdır”.
“Silahları gələcək Fələstin dövlətinə təhvil verəcəyik”
Həmas liderlərindən Musa Əbu Mərzuq deyib: “Planın ‘terrorçuluq’ anlayışı bizə aid deyil, silahlar işğala qarşı müqavimət üçün idi. Əgər işğal bitərsə və fələstinlilər özləri idarəçilik etsələr, silaha ehtiyac qalmayacaq”.
O, əlavə edib: “Silahları gələcək Fələstin dövlətinə təhvil verəcəyik”.
Prezident Tramp bundan öncə Həmasa Vaşinqton vaxtı ilə bazar günü axşam saat altıya qədər planına cavab verməyi tapşırmışdı. O, “Truth Social” şəbəkəsində paylaşım edərək iddia edib ki, “Qəzza razılaşması Həmasın sağ qalan bütün qüvvələrinin həyatını xilas edəcək” və razılaşmanı qəbul etməməyin nəticələri barədə xəbərdarlıq edib.
Ağ Ev cümə axşamı elan edib ki, Prezident Həmasın cavabını gözləyir. Ağ Ev rəsmilərindən biri “Fox News” telekanalına bildirib ki, bu plan “qəbul edilə bilən” hesab olunur və Həmasın bunu qəbul edəcəyi, bununla da “daha sakit bir Yaxın Şərq” yolunun açılacağı gözlənilir.
Eyni zamanda, əl-Ərabi telekanalı öz mənbələrinə istinadən bildirib ki, Həmas cavabında Trampın səylərinə işarə etməklə yanaşı, bir neçə maddə ilə bağlı izah istədiyini də qeyd edib.
4308566