“Al-Khaleej” xəbər verir ki, Şarcə Quran və Sünnə Fondu 2024-cü il üzrə Fondun Quran əzbərləmə dərnəklərinin ikinci mərhələsinin yekun mərasimini təşkil edib. Tədbirdə Fondun İdarə Heyətinin sədri Sultan Matar bin Dəlmuk əl-Kətbi, Fondun direktoru Ömər Əli əş-Şamsi, Şarcə Quran Akademiyasının baş katibi doktor Abdullah Xələf əl-Həsəni, eləcə də BƏƏ-nin dini rəsmiləri, Quran tədrisçilərinin valideynləri və yaxınları iştirak ediblər.
Mərasimdə Qurani-Kərimi tam əzbərləmək üçün böyük səy göstərmiş Fondun 95 hafizi – 66 kişi və 29 qadın iştirakçı təltif olunub.
Şarcə mükafatı Fondun missiyasına uyğun olaraq, əxlaqı gözəl, Qurani-Kərimi qoruyub-yayan və BƏƏ cəmiyyətinin kimliyinin möhkəmlənməsinə töhfə verən yeni nəsil Quran müəllimlərini yetişdirmək məqsədi daşıyır. Bundan əlavə, bu mükafat Şarcə əmirliyinin elmin və imanın məbədi, eləcə də Qurani-Kərimə xidmət göstərən hafizlərin yetişdirilməsi üzrə qabaqcıl beynəlxalq mərkəz kimi baxışını əks etdirir.
Tədbir BƏƏ-nin dövlət himni ilə açılıb, ardınca Fondun seçilmiş bir Quran tələbəsi tərəfindən Qurani-Kərimin tilavəti səsləndirilib. Daha sonra, mükafatın yaranmasından bu günə qədər keçdiyi mərhələləri və əldə etdiyi nailiyyətləri, həmçinin Şarcə əmirliyinin müxtəlif bölgələrində fəaliyyət göstərən Quran dərnəklərinin səylərini əks etdirən video nümayiş etdirilib.
Fondun İdarə Heyətinin sədri Sultan əl-Kətbi çıxışında deyib: “Bu gün biz böyük bir şərəfin qarşısında dayanmışıq – Allahın müqəddəs kitabını qorumaq üçün seçdiyi oğlan və qız övladlarımızı təltif etmək şərəfi. Onları bu bənzərsiz ali mükafat münasibətilə təbrik edirəm. Bu hafizlər Quranın şərəfi ilə yüksək məqama ucalıblar və Allahın onları fərqləndirdiyi bu dərəcə ilə örnək şəxsiyyətlərə çevriliblər.”
Mərasim 95 seçilmiş kişi və qadın hafizin təltif olunması ilə yekunlaşıb.
4309072