“İQNA”-nın Elkompas saytına istinadən verdiyi xəbərə görə, apellyasiya məhkəməsi Danimarka-İsveç mənşəli radikal sağçı siyasətçi Rasmus Paludanı nifrət cinayətlərindən birinə görə bəraət qazandıraraq, onun həbs hökmünü qüvvədən salıb.
Ötən ilin noyabrında Malmö rayon məhkəməsi Paludanı müsəlmanlara, ərəblərə və afrikalılara qarşı təhqiramiz çıxışlarına görə iki nifrət cinayətində təqsirli bilmiş və onu dörd ay müddətinə həbs cəzasına məhkum etmişdi. Məhkəmə müəyyən etmişdi ki, o, 2022-ci ilin aprel və sentyabr aylarında Qurani-Kərim nüsxələrini yandırmaqla müsəlmanlara və digər qruplara qarşı hörmətsizlik edib.
Lakin Skone və Bliyinğe apellyasiya məhkəməsi qərara alıb ki, onun aprel ayında törətdiyi hərəkətlər “İslama qarşı tənqid” kimi qiymətləndirilə bilər, müsəlmanlara qarşı deyil və bu səbəbdən Paludan bu ittihamdan bəraət alıb. Hökmdə qeyd olunub: “Bu ifadələr dini tənqid kimi dəyərləndirilə bilər və etnik qrupa qarşı nifrət cinayəti hesab olunmur.”
Bununla belə, məhkəmə Paludanı sentyabr hadisəsinə görə irqi nifrət yaymaqda təqsirli bilib. Məhkəmənin açıqlamasına görə, “birinci hadisədən fərqli olaraq, bu dəfə o, müxtəlif etnik qruplara qarşı açıq şəkildə təhqiramiz ifadələr işlədib ki, bu da cinayət sayılır.”
Nəticədə, Paludanın həbs cəzası şərti həbs (şərti azadlıq) və pul cəriməsi ilə əvəzlənib.
Rasmus Paludan, radikal sağçı baxışları və 2022-ci il seçkiləri ərəfəsində İsveçin bir neçə şəhərində Qurani-Kərimi yandırmaqla nəticələnən aksiyalar təşkil etməsi ilə tanınır.
4309213