“İQNA”-nın “muslimsaroundtheworld” saytına istinadla verdiyi xəbərə görə, dinlərarası həmyaşayış və qarşılıqlı anlaşmanın dəyərini əks etdirən bu hadisə, Rusiyanın Zabaykalski diyarında yerləşən “Udokanskaya Med” mədən və metallurgiya şirkətində baş verib. Şirkətin sənaye kompleksinin mərkəzində yeni məscid işçilərin ixtiyarına verilib.
Məscidin açılış mərasimində şirkətin baş direktoru Aleksey Yaşçuk, Zabaykalski diyarının baş müftisi Əlmaz Salahov və bir sıra məsul şəxslər iştirak ediblər.
Müfti Salahov bildirib ki, şirkət ərazisində məscidin tikilməsi rəhbərliyin və səhmdarların işçilərin dini həyatına diqqət göstərdiyini nümayiş etdirir və əmək ilə imanın gözəl bir vəhdətini təcəssüm etdirir. O qeyd edib ki, bu təşəbbüs Rusiya şirkətlərinin əməkdaşlarının dini və humanitar ehtiyaclarına qayğı göstərmək baxımından mütərəqqi yanaşmalarını əks etdirir.
Mərasim zamanı şirkət nümayəndələri Rusiyanın baş müftisi şeyx Ravil Aynuddinə bu layihəyə verdiyi dəstəyə və cəmiyyətdə anlaşma və harmoniya ruhunu təşviq etdiyinə görə təşəkkür ediblər.
Dostluq və birliyin rəmzi
Şeyx Əlmaz Salahov bildirib ki, bu hadisənin əsl dəyəri ondan ibarətdir ki, müsəlmanlar və pravoslav xristianlar məscidin tikintisində birlikdə iştirak ediblər və uca bir məqsəd uğrunda əl-ələ veriblər. Bu bina xeyirxahlıq naminə dostluq, birlik və insan həmrəyliyinin rəmzinə çevrilib.
Mərasim bununla bitməyib. Şirkət məscidin yanında bir pravoslav kilsəsi də inşa edib. Bu nadir təşəbbüs dini müxtəlifliyə hörmətin, həmyaşayış və dostluq dəyərlərinin təşviqinin göstəricisidir.
Bu layihə müasir Rusiyada dini həmyaşayışın nadir nümunəsini təmsil edir və Sibir torpağından gələn müsbət bir mesajdır: insanı dəyərlər naminə əməkdaşlıq dinləri bir araya gətirə, fərqli inanclara baxmayaraq qəlbləri birləşdirə bilər.
4309515