IQNA

Qurani-Kərimdə əməkdaşlıq / 3

“Əməkdaşlıq” ayəsində səkkiz göstəriş

9:37 - October 19, 2025
Xəbər sayı: 3499053
İQNA - Maidə surəsinin 2-ci ayəsində Peyğəmbəri-Əzəmə (s) nazil olmuş son göstərişlərdən səkkizi qeyd olunur ki, onlardan biri də xeyirxahlıq və təqva yolunda birliyin vacibliyidir.

Bu mübarək ayədə İslamın bir neçə mühüm göstərişi – Peyğəmbəri-Əzəmə (s) nazil olan son ilahi əmr və qadağalar bəyan edilmişdir. Onların çoxu həcc və Allah evinin ziyarəti ilə bağlıdır. Ayədə bütün ilahi nişanələrə (şüarlara) hörmət vacib, onların təhqiri isə haram sayılmış, bir sıra bu nişanələr ayrıca qeyd olunmuşdur: haram aylar, qurbanlıq, ehram halında ov etmənin haramlığı və Allah evinin zəvvarları. Uca Allah buyurur:

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ»

“Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin!” (Maidə, 2).

Ayənin davamında Allah-Taala vurğulayır ki, indi ki, Məkkə fəth olunub, keçmişdəki düşmənçiliklər – məsələn, hicrətin altıncı ilində müsəlmanların Məscidül-harama daxil olmasının qarşısını alan hadisə – sizi intiqama sövq etməsin:

«وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَنْ صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَنْ تَعْتَدُوا»

“Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin” (Maidə, 2).

Bu hökm hərçənd Həcc və Allah evinin ziyarəti ilə bağlı nazil olmuşdur, lakin əslində ümumi bir qanunu ifadə edir: Müsəlman kin saxlamaq, keçmiş hadisələri yenidən xatırlayıb intiqam almaq fikrinə düşməməlidir. Çünki hər bir cəmiyyətdə nifaq və ixtilafın əsas səbəblərindən biri məhz bu məsələdir. Bu göstərişin, Peyğəmbərin (s) ömrünün sonuna yaxın bir dövrdə nazil olması, İslam ümməti arasında nifaq odunun yenidən alışmasının qarşısını almaq məqsədini daha da aydın göstərir.

Bu fikri tamamlayaraq ayənin növbəti hissəsində buyurulur ki, siz düşmənlərinizdən intiqam almaq üçün deyil, xeyirxahlıq və təqva yolunda bir-birinizə yardımçı olmalısınız. Günah və ədalətsizlikdə əməkdaşlıq etməyin:

«وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَ التَّقْوَى وَ لَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَ الْعُدْوَانِ»

(Maidə, 2).

Ayənin sonunda isə əvvəlki hökmlərin möhkəmləndirilməsi üçün belə buyurulur: Allahdan qorxun, Onun əmrlərinə qarşı çıxmaqdan çəkinin! Çünki Allahın cəzası çox ağırdır:

«وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ»

(Maidə, 2).

3495015

captcha