IQNA

Hindistanda müsəlmanlara qarşı zorakılıqların artması

10:12 - October 26, 2025
Xəbər sayı: 3499095
İQNA - Hindistanın Qucarat ştatında sosial şəbəkədə yayılan təxribat xarakterli bir paylaşım müsəlmanlara qarşı təriqətlərarası zorakılıqların şiddətlənməsinə səbəb olub.

“İQNA”-nın “Akhbar al-Shia”ya istinadən verdiyi xəbərə görə, Qucarat ştatında müsəlmanlara qarşı nifrət alovları yenidən alışıb. Buna səbəb sosial mediada yayılan bir təxribatçı paylaşımın Bahiəl kəndində müsəlmanlara məxsus mağaza və evlərə təşkil olunmuş zorakı və planlı hücumla nəticələnməsi olub. Bu mənzərə, həmin ştatda iki onillik əvvəl baş vermiş qanlı hadisələri xatırladır.

Yerlı mənbələrin məlumatına görə, əsəbi kütlənin çubuq və daşlarla silahlanaraq müsəlmanların mağazalarına hücum etməsi və evlərini yandırması ilə kənd sakinləri vahimə və xaos dolu bir gecə yaşayıblar. Bu hadisənin alovlanmasına İslam və müsəlmanlara qarşı düşmənçilik dolu ritorikası ilə tanınan ifratçı Vishwa Hindu Parishad (VHP) təşkilatının liderlərindən birinin sosial şəbəkədə paylaşdığı mesaj səbəb olub.

Yerlı rəsmilər zorakılıq və yandırma hadisələrində iştirak edən onlarla şəxsin həbs edildiyini bildiriblər. Buna baxmayaraq, müşahidəçilər bu addımların ciddiliyinə şübhə ilə yanaşaraq, bunların problemin kökünə toxunmayan üstüörtülü tədbirlər olduğunu vurğulayıblar. Onların fikrincə, böhranın əsas qaynağı mediada və sosial platformalarda geniş yayılmış nifrət təbliğatıdır.

Analitiklərin qənaətinə görə, bu hadisələr Hindistanda təşkilatlanmış təriqətçilik təhlükəsinin artmasını göstərir və sosial medianın azlıqlara qarşı zorakılığı alovlandırmaq üçün təsirli bir silaha çevrildiyini sübut edir. Eyni zamanda, müsəlmanları sistematik təxribatdan qorumaq üçün həm hüquqi cəza mexanizminin, həm də dövlətin qəti mövqeyinin olmaması da burada aydın görünür.

Qucaratdakı müsəlmanlar, Hindistanın digər bölgələrində olduğu kimi, diskriminasiya və davamlı hədəfə alınmaya rəğmən, öz varlıqlarını və ləyaqətlərini səbr və möhkəm imanla qorumaqda davam edirlər.

4312766

captcha