IQNA

İstanbulda Zeynəbiyyə Böyük Mədəni-Dini Mərkəzinin açılışı

10:44 - October 30, 2025
Xəbər sayı: 3499122
İQNA - Həzrət Zeynəbin (s.ə) mövludu münasibətilə İstanbulda Əhli-beyt (ə) mədəni-dini mərkəzi açılıb.

“İQNA”-nın “pembepusula” saytına istinadla verdiyi xəbərə görə, Həzrət Zeynəbin (s.ə) mövludu ilə eyni zamanda İstanbulda “Zeynəbiyyə Məscidi və Mədəniyyət Mərkəzi” açılıb. 26 oktyabr bazar günü İstanbulun Halkalı bölgəsində keçirilən bu mərasimdə müxtəlif məzhəb və firqələrdən olan çoxsaylı vətəndaşlar və rəsmi şəxslər iştirak ediblər. Bu mərkəz Türkiyə və Avropada Əhli-beyt (ə) tərəfdarlarına məxsus ən böyük dini və mədəni mərkəz hesab olunur.

Açılış mərasimi Türkiyə milli himninin səsləndirilməsi və tanınmış qarinin – Əbülqasimin Quran tilavəti ilə, Məhdı Atamın aparıcılığı altında başlanıb. Daha sonra layihənin mənəvi və mədəni əhəmiyyəti, həmçinin onun birlik və birgəyaşayış dəyərlərini möhkəmləndirməkdəki rolu barədə çıxışlar edilib.

Tədbirdə Türkiyə vitse-prezidenti Cövdət Yılmaz, Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel və Türkiyə Cəfəri icmasının lideri Seyid Salahəddin Özqündüz iştirak ediblər. Həmçinin Azərbaycan Respublikasından rəsmilər, İstanbul valisi Davud Gül, bir neçə bələdiyyə sədri, ictimai təşkilat nümayəndələri və dini şəxslər də mərasimdə yer alıblar. Çıxış edənlər bildiriblər ki, bu layihə dini və mədəni dialoq üçün açıq bir məkan yaradacaq, müxtəlif icmalar arasında qardaşlıq ruhunu gücləndirəcək və Həzrət Zeynəbin (s.ə) təcəssüm etdirdiyi səbir, dözüm və ədalət kimi dəyərləri yayacaq.

Salahəddin Özqündüz çıxışında bu mərkəzin hər cür parçalanma meyillərindən uzaq tutulmasının vacibliyini vurğulayaraq dedi: “Bu məkan ixtilafın deyil, birliyin simvolu olmalıdır.” İstanbul Böyükşəhər Bələdiyyəsinin sədr müavini Nuri Aslan qeyd etdi: “Məscid təkcə ibadət evi deyil, həm də qardaşlıq, təhsil və mədəniyyət mərkəzidir.”

Özgür Özel açıqlamasında bildirdi ki, məscidin 72 000 kvadratmetrlik sahəsi Kərbəla şəhidlərinin sayını xatırladır və onun memarlığı İslam simvolları ilə Səlcuq üslubunun birləşməsindən ibarətdir. Vitse-prezident Yılmaz isə ibadət məkanlarının siyasi çəkişmələrdən uzaq saxlanmasının önəmini qeyd edərək dedi ki, bu məscid İstanbulun tarixi mənzərəsinə mənəvi bir əlavədir.

Mərasim zamanı rəsmi heyət tərəfindən “Tağdar həyəti”nin təməli qoyulub ki, bu da layihənin növbəti inkişaf mərhələsinin başlanğıcını simvolizə edir. Tədbirdə azərbaycanlı mərsiyəxan Tale Boradigahi tərəfindən Əhli-beyt (ə) mədhində ilahilər və dini nəğmələr səsləndirilib, mərasim bayram ab-havasında keçib.

Zeynəbiyyə əsas məscidi 1978-ci ildə yerli icmanın təşəbbüsü ilə inşa edilmiş və onilliklər ərzində Türkiyədəki Cəfəri icmasının dini-mədəni mərkəzi kimi fəaliyyət göstərmişdir. Bu gün isə yenidən qurularaq ölkənin ən görkəmli İslam abidələrindən birinə çevrilib və ədalətsizliyə qarşı səbir və müqavimət rəmzi olan Həzrət Zeynəb-i Kübranın (s.ə) adını daşıyır.

Yeni yaradılan mərkəz Əhli-beyt (ə) təlimlərinin təbliği, məzhəblərarası dinc-yanaşmanın möhkəmləndirilməsi, dini və əxlaqi mədəniyyətin formalaşdırılması məqsədi ilə qurulub və dialoq, təhsil və mədəni qarşılıqlı əlaqə üçün geniş imkan yaradır.

İstanbul Bələdiyyə sədrinin müavini mərasimdə deyib: “Həzrət Zeynəb (s.ə) Mədəni-Dini Mərkəzi təkcə ibadət yeri deyil, həm də təhsil, mədəniyyət və ictimai həmrəyliyin artırılması üçün bir məkandır.”

“Həzrət Zeynəb (s.ə) Mədəni-Dini Mərkəzi”nin açılışı təkcə dini əhəmiyyət daşımır, həm də İslam icmalarının həmrəyliyi, mədəniyyət və təhsilin təbliği baxımından mühüm bir hadisə olub və Türkiyə ilə Avropadakı şiələr üçün qalıcı bir irs sayılır.

4313550

captcha