“Əl-Aləm” xəbər kanalının məlumatına görə, bu bədii layihə irlandiyalı vətəndaş fəalı Mari Eversin təşəbbüsü və nəzarəti ilə həyata keçirilib və Londonda keçirilən “Fələstinin səsi festivalı” çərçivəsində təqdim olunub. Festivalın məqsədi Fələstin xalqının mədəniyyəti, sənəti və müqavimət ruhunu nümayiş etdirməkdir.
Sərgi “Yoxluğun hüzuru” (“Absent Presence”) adlanır və ziyarətçilərə Fələstin bayrağının rəngləri ilə tikilmiş, müharibə qurbanlarının adlarının yer aldığı lövhələri yaxından görmək imkanı yaradır.
Mari Evers tədbirin kənarında bildirib ki, bu ideyanı fələstinli qadınların ənənəvi tikmə sənətindən ilham alaraq yaradıb. O əlavə edib ki, dünyanın müxtəlif yerlərindən çox sayda könüllü bu işdə ona qoşulub və nəhayət, 200-dən çox könüllü layihənin tamamlanmasına yardım edib.
Eversin sözlərinə görə, hər bir əsər hissəsində Qəzzəyə qarşı müharibədə şəhid olmuş hər bir şəxsin adı, yaşı və cinsi qeyd olunub. Bu da onu göstərmək üçündür ki, fələstinli qurbanlar “şəxsiyyətsiz rəqəmlər” deyil.
İrlandiya əsilli bu bədii fəal uzun illərdir Yaxın Şərqdə yaşayır və atası BMT-nin sülhməramlı qüvvələrinin üzvü kimi bölgədə xidmət etdiyi dövrlərdə Fələstin, Livan, Suriya və Misir arasında səfərlər edib.
“Fələstinin səsi festivalı”nın məqsədi isə Fələstinin mədəni irsini sənət, musiqi, ədəbiyyat, kino və əl sənətləri vasitəsilə qorumaq və yaşatmaqdır.
4314516