“Əl-Couf Net”-in verdiyi məlumata görə, Həmas bəyan edib ki, sionist rejiminin Qüdsdə atdığı son addımlar bu şəhəri ələ keçirmək və onu işğal olunmuş ərazilərə birləşdirmək planının yeni mərhələsidir.
Hərəkat xəbərdarlıq edib: şəhərin ətrafında yeni qəsəbələrin salınmasına dair qərarlar ayrı-ayrı təşəbbüslər deyil, əksinə, “Böyük Qüds” adlanan layihənin bir hissəsidir. Bu layihə fələstinli və ərəb kimliyini silmək məqsədi daşıyır.
Bəyanatda qeyd olunub ki, bu addımlar eyni zamanda Əl-Əqsa məscidində zorakılığın artması, təkrarlanan basqınlar, məhdudiyyətlərin gücləndirilməsi, gənclərin həbsi və təqibi, həmçinin fələstinlilərin evlərinin dağıdılması ilə müşayiət olunur.
Həmasın sözlərinə görə, sionistlərin bu hərəkətləri ərazi reallıqlarını dəyişmək və demoqrafik tarazlığı sionist məskunlaşanların xeyrinə yönəltmək məqsədi daşıyan sistemli məskunlaşma siyasətini göstərir.
Həmas vurğulayıb ki, işğalçıların alətləri təkcə qəsəbə salmaqla məhdudlaşmır. Onlar həm də fələstinlilərin mövcudluğunu azaltmaq üçün inzibati siyasətlər həyata keçirirlər – yaşayış icazələrinin ləğvi, tikinti icazələrinin verilməməsi, şərqi Qüds məhəllələrinin blokadalarının gücləndirilməsi və s. Bu siyasətlər İssəviyyə, Cəbel Mükəbbir və Ət-Tur kimi ərazilərdə həyata keçirilən məskunlaşma layihələri ilə müşayiət olunur ki, bu da fələstinlilərin köçürülməsi layihəsinin bir hissəsini təşkil edir.
Hərəkat vurğulayıb ki, Qüdsün yəhudiləşdirilməsi və onun işğal olunmuş ərazilərə birləşdirilməsi cəhdi açıq bir müharibə cinayətidir və bu cəhdlər xalqın sarsılmaz iradəsi və müqaviməti ilə qarşılaşacaq.
Həmas əlavə edib ki, qüds sakinləri köçürülmə və saxtalaşdırma planlarına boyun əyməyəcək, Əl-Əqsa məscidini və Qüdsi müdafiə etmək milli, ərəb və islam borcudur. Bu, xalqın meydanlardakı fəaliyyətini artırmaq, şəhər sakinlərinin müqavimətini bütün mümkün vasitələrlə dəstəkləmək tələbini irəli sürür.
Bəyanatın sonunda Həmas bildirib ki, bu şəhərin kimliyini dəyişdirmək səyləri xalqın dözümü və işğal planlarına qarşı mübarizəyə sadiq müqavimət olduğu müddətcə uğur qazanmayacaq. “Böyük Qüds” layihəsi fələstinlilərin əzmi və xalqın iradəsi ilə ziddiyyət təşkil edir.
4315155