“Kuwait News”-in məlumatına görə, X platformasında yaxın zamanlarda islamofob paylaşımların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Bu vəziyyət xüsusilə istifadəçi adlarının yanında “ölkə göstərilməsi” funksiyasının tətbiqindən sonra daha da güclənib.
Bu funksiya hesabların kateqoriyalaşdırılmasını asanlaşdırır və nəticədə dini və coğrafi kimlik üzrə hədəflənməni mümkün edir.
Statistikalar və araşdırmalar, onlayn məkanda nifrət mənbələrinin bariz şəkildə fərqləndiyini göstərir. Belə ki, bəzi ölkələr bu sahədə dünya üzrə ilk sıralarda yer alır.
Hindistan bu siyahının başında gəlir və bütün dünyada yayılan təhqiramiz məzmunun yarıdan çoxu ona məxsusdur. Viktoriya İslam Şurası tərəfindən dərc olunan bir araşdırma sarsıdıcı bir reallığı təsdiqləyib: 2017–2019-cu illər ərzində X platformasında yayılan islam əleyhinə paylaşımların 50 faizdən çoxu Hindistandan qaynaqlanıb.
Həmin araşdırma göstərib ki, ABŞ dünya üzrə ümumi islamofob məzmunun təxminən 28 faizini təşkil etməklə ikinci yerdədir.
Birləşmiş Krallıq isə platformadakı nifrət yönümlü məzmunun təxminən 8 faizinə sahib olmaqla dünya üzrə üçüncü sırada qərarlaşıb. Bundan əlavə, Böyük Britaniya hökumətinin məlumatları müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlərin ciddi şəkildə artdığını göstərir. Bu rəqəm bir il ərzində 19 faiz artaraq 2690-dan 2025-ci ilin martına qədər qeydə alınan 3199 hadisəyə yüksəlib.
Reuters-in Hindistanla bağlı yayımladığı hesabat göstərir ki, 2024-cü ildə azlıqlara, xüsusən də müsəlmanlara qarşı nifrət yayılması əvvəlki illə müqayisədə 74 faiz artıb. Bu dövrdə ölkədə gərgin siyasi mühit hökm sürüb.
Avropa da bu dalğadan kənarda qalmayıb; Strateji Dialoq İnstitutu (ISD) müsəlmanlara qarşı şərhlərdə ciddi artım qeydə alıb. Orta Şərq hadisələrinin təsiri ilə cəmi bir neçə gün ərzində belə şərhlərin sayı 422 faiz artıb.
4319378