“İQNA”-nın “əl-Məşhədə” istinadla verdiyi xəbərə görə, Marion Marşal-Le Pen qalmaqallı bir video yayımlayıb. Videoda seçicilərdən xahiş olunub ki, gələcək bələdiyyə seçkilərində səsvermə bülletenlərini “silah” kimi istifadə etsinlər və onun “sözdə islamçılara” qarşı “təslim olmaqda” ittiham etdiyi məmurların hakimiyyətə gəlməsinin qarşısını alsınlar.
Video hələ tikilməkdə olan Strasburq Cümə Məscidinin qarşısında çəkilib. Avropa Parlamentinin bu ifrat sağçı üzvü açıq şəkildə layihəni dəstəkləyən yerli rəsmiləri hədəfə alaraq, onları müsəlmanları və islam birliklərini “islamçılıqla” eyniləşdirməkdə ittiham edib.
Jean-Marie Le Penin nəvəsi olan Marion Marşal videoda səsvermə bülletenini “siyasi silah” adlandırıb, ümumi səfərbərlik çağırışı edib və bildirib ki, bu cür addımların müəllifləri hər hansı siyasi vəzifə tutmaqdan məhrum edilməlidirlər.
Fransalı müsəlmanlara qarşı siyasi ritorikanın artması ilə islamofob addımlar da genişlənməkdədir. Məsələn, Daxili İşlər Nazirliyinin statistikasına görə, 2025-ci ilin yanvar-may ayları arasında 145 anti-müsəlman hadisəsi qeydə alınıb. Halbuki bu rəqəm 2024-cü ilin eyni dövründə 83 idi ki, bu da 75 faiz artım deməkdir. Bundan əlavə, şəxslərə qarşı hücumların sayı üç dəfə artaraq 32-dən 99-a yüksəlib.
Avropada İslamofobiya ilə Mübarizə Təşkilatının (CCIE) hesabatına görə, müsəlmanları hədəf alan xüsusi siyasi və ictimai diskurslar zəhərli mühitin qorunmasına, milli həmrəyliyin zəifləməsinə və ictimai müzakirələrdə islamofobiyanın alovlanmasına səbəb ola bilər.
Bu kontekstdə Respublikaçı sağ partiyasının lideri Loran Vokiez Milli Məclisə bir qanun layihəsi təqdim edib. Layihənin məqsədi yetkinlik yaşına çatmayanların ictimai yerlərdə hicab taxmasını qadağan etməkdir. Mətn mövcud qanunları tamamlayaraq, qız uşaqlarını saçlarını örtməyə “məcbur edən və ya icazə verən” valideynləri hədəf alır.
Bununla yanaşı, Fransa daxili işlər naziri bu qanun layihəsinə cavab olaraq bildirib ki, yetkinlik yaşına çatmayanların ictimai yerlərdə hicab taxmasının qadağan edilməsini dəstəkləmir və bu təklifi “müsəlman vətəndaşlar üçün böyük bir rüsvayçılıq” adlandırıb.
4320550