“İQNA”-nın “əl-Vətən” xəbər portalına istinadən verdiyi məlumata görə, müsabiqə Quranı əzbərləmə sahəsində keçiriləcək və bütün Misirdəki Quran hafizləri hazırlayan mərkəzlərin qız və oğlan tələbələrini əhatə edəcək. Bu yarış Vəqflər Nazirliyinin Allahın kəlamına diqqət və Quranın mənalarının düzgün anlaşılmasını möhkəmləndirmək istiqamətindəki səylərinin bir hissəsidir.
Nazirliyin açıqlamasına əsasən, hər mərkəzdən ən yaxşı beş tələbə – qız və oğlan – mərkəz rəhbərləri tərəfindən seçilərək müsabiqədə iştirak edəcək. Şərt odur ki, həmin tələbələr əvvəlki yarışlarda iştirak etməmiş olsunlar. Hər mərhələdə şərtlərə cavab verməyənlər yarışdan kənarlaşdırılacaq.
Nazirlik vurğulayıb ki, Quran işləri üzrə Baş İdarəyə təqdim olunacaq namizədlik məktublarının son tarixi 31 dekabr 2025-ci ildir.
Mükafatlarla bağlı Nazirlik bildirib ki, birinci, ikinci və üçüncü yerləri tutanlar üçün müvafiq olaraq 70 min, 50 min və 30 min Misir funtu məbləğində mükafat nəzərdə tutulub. Bu mükafat mərkəzə veriləcək və həmin bölgənin seçilmiş tələbələri, mərkəz rəhbəri və digər Quran məsulları arasında bölüşdürüləcək.
Bundan əlavə, hər iki mərkəz arasında keçirilən yarışlarda 80% və ya daha çox nəticə əldə edən hər bir iştirakçıya 2 min Misir funtu mükafat veriləcək.
Nazirlik qeyd edib ki, imtahanlar Qahirə şəhərindəki “ər-Rahmə” məscidində mərkəzləşdirilmiş şəkildə, bölgə idarələrindən namizədlik məktubları alındıqdan sonra keçiriləcək.
4323753